Ərzaq təhlükəsizliyi təhlükə altındadır? 

Son illər dünyada əhalinin sürətlə artımı, iqlimin istiləşməsi, torpaqların çirklənməsi və şoranlaşması qlobal ərzaq təhlükəsizliyi ilə bağlı bizi yeni çağırışlarla üz-üzə qoyur. Bir tərəfdən əhalinin ərzaq məhsullarına tələbatının artması, digər tərəfdən isə torpaqların sıradan çıxması kənd təsərrüfatı fəaliyyətlərinə yeni yanaşma və üsulların tətbiqini vacib edir. Çünki indi biz təkcə davamlı məhsuldarlıq artımını təmin etməli deyil, həm də torpağın daha düzgün emalı ilə onun korlanmasının qarşısını almalıyıq. Müasir kənd təsərrüfatı texnologiyaları bizə imkan verir ki, hər iki problemi elmi-texniki tərəqqinin bizə yaratdığı imkanlar vasitəsilə həll edək. 

Qabaqcıl aqrar ölkələr bunun üçün torpaq analizindən geniş istifadə edir. Bəli, məhz torpaq analizi bizə şərait yaradır ki, lokal bir ərazidə torpağın tərkibi, strukturu və tələblərinə uyğun bitki növləri seçib, becərək və yalnız tələb olunan növdə və miqdarda gübrə və ya pestisidlərin tətbiqi ilə torpağın kimyəvilərlə yersiz çirklənməsinin qarşısını alaq.