Öncə ölkənin daxili tələbatını ödəmək lazımdır


Sonra sahibkarlar artıq qalan məhsullarını xaricə ixrac edə bilərlər

2021-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına 236.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”ında deyilir. 2021-ci ilin iyun ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42.3 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin iyun ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. mallar daxil olub.

İqtisadçı-alim Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, ixracın stimullaşdırılması əslində müsbət addımdır. O qeyd edib ki, stimullaşdırmaq o demək deyil ki, büdcə resurslarını səmərəsiz xərcləmək lazımdır:

"Bizdən ixrac sifarişi ilə bağlı toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və s. bəzi məhsulların bir çoxunun xammalı digər ölkələrdən gəlir. İxracın məqsədi nədir? Bilirsiniz ki, bu imkan verir ki, məhsul daxili bazardan daha bahalı qiymətə satılsın. 2021-ci ilin iyun ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42.3 milyon ABŞ dolları təşkil edib. Ancaq bu rəqəmi  çox da yüksək hesab etmirəm. Azərbaycanın potensialı təbii ki, daha böyükdür. Qeyd edim ki, müxtəlif ölkələrdən - İraqdan, Əfqanıstandan, ümumiyyətlə, bizə yaxın olan ölkələrdən toyuq və toyuq məhsullarına tələbat çoxdur. Bunun isə əsas səbəbi bizim halal məhsul istehsal etməyimiz və halal sertifikatımızla bağlıdır. Çünki bu ölkələrə adətən məhsullar yalandan halal adı və sertifikatıyla gedir. Həmçinin, qeyd edim ki, bu ölkələrdə yem məhsulları bahadır. Ümumiyyətlə, dünyada həm toyuq, həm də digər qida məhsullarına bazarda müxtəlif məhdudiyyətlər qoyulur. Ona görə də, bu tipli ölkələrdə dənli bitkilər, yəni toyuq yemi üçün istifadə olunan xammal bahadır və bu səbəbdən qiymət də orada yüksək olur. Baxmayaraq ki, bizdə də qiymət yüksəkdir ". 

N.Bəydəmirli əlavə edib ki, ancaq Azərbaycanın mallarını digər ölkələrə ixrac etmək potensialı var:

"Bir çox şirkətlər valyutaya olan tələbatını qarşılamaq üçün məhsullarını xaricə satmağa daha çox üstünlük verirlər. Ümumiyyətlə, ixrac etmək istənilən halda əlavə dəyər vergisi baxımından təşviqedici addımdır. Valyutanın ölkəyə gəlmə baxımından bütün hökumətlər ixracı stimullaşdırırlar. Son zamanlar müxtəlif ticarət yerlərinin açılması, ticarət atteşelərinin səfirliklərdə ayrıca bir xidmət olaraq həyata keçirilməsi müsbət addımlardır. Ancaq ticarət evləri və digərləri  adətən dövlət büdcəsinin hesabına həyata keçirilir. Burda da təbii ki, bir çox hallarda səmərəsiz xərcləmələr olur. Adətən eksperton ixracın təşviqi ilə məşğul olanlar müxtəlif illərdə kampaniyaçılığa daha çox üstünlük verirlər. Onun da sonda bir effekti olmur. Tövsiyəm ondan ibarətdir ki, rəqabət mühiti yaxşılaşdırılsın. Çünki ölkə daxilində məhsulların bir çoxunda qiymətlər yüksəkdir. Əgər ölkədə mal bolluğu çox olarsa, o zaman qiymətlər daha da optimallaşar. İlkin olaraq, ölkənin daxili tələbatını ödəmək lazımdır. Sonra sahibkarlar artıq qalan məhsullarını xaricə ixrac edə bilərlər".