Minsk qrupundan müharibədən sonra da doğru söz eşitməmişik

Yenə passivlik, haqsız tərəfin yanında durmaq və tərəfləri eyniləşdirmək siyasətini güdürlər

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması. 

ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, həmsədrlər sərhəddə baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edib və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırıb. Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 10 noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə səsləyib. Həmçinin, ATƏT-in Minsk qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar ediblər: “Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün ATƏT-in Minsk qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrarlayırıq”. Əslində Azərbaycan rəhbərliyi Minsk qrupu ilə bağlı öz mövqeyini ortaya qoyub. Eyni zamanda ölkə ictimaiyyətinin də münasibəti bəllidir. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb. Prezident İlham Əliyevə görə, münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupu heç bir rol oynaya bilməyib. Amma son günlər həm Ermənistan, həm də Qərb ölkələri israrla Minsk qrupunu yenidən proseslərə müdaxiləyə çağırır. Baş nazir səlahiyyətlərini həyata keçirən Nikol Paşinyan bir müddət öncə Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşündə deyib ki, onların qarşısında duran ən vacib məsələ “Dağlıq Qarabağın statusu”nun müəyyənləşməsidir və bu, ATƏT-in Minsk qrupunun gündəliyindədir. Minsk qrupunun həmsədrliyində təmsil olunan Fransanın Ermənistandakı səfiri Jonathan Lacote Azadlıq Radiosunun erməni xidmətinə verdiyi müsahibəsində bildirib ki, “status” ATƏT-in Minsk qrupu çərçivəsində aparılacaq danışıqlarda müəyyən olunmalıdır. O deyib ki, “status” müəyyən edilmədikcə, Fransanın nə Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa gedə bilərlər. Bu arada ABŞ Dövlət Departamenti də Ermənistanı və Azərbaycanı “ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında” danışıqlara başlamağa səsləyib. Departamentin sözçüsü Ned Prays Ermənistanı və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında əsaslı müzakirələrə ən qısa zamanda qayıtmağa çağırıb. Ondan öncə ABŞ Dövlət Katibi Entoni Blinken iyulun ortalarında Paşinyanla telefon danışığı zamanı ölkəsinin Minsk qrupu həmsədrlərinin “Qarabağ münaqişəsinin davamlı siyasi həllinə yönəlmiş” fəaliyyətinə dəstəyini vurğulayıb. O, Ermənistanı ATƏT-də “konstruktiv” iştirak etməyə çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatlarından birində isə vurğulanıb ki, Minsk qrupu üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər. Bəzi təhlilçilərin fikrincə, Azərbaycan Ermənistanla ikitərəfli danışıqlar aparmalıdır. İki ölkə arasında yaranmış sərhəd delimitasiyası və demarkasiyası problemini yoluna qoymaq üçün Xarici işlər naziri Ceyhun Bayramov Ermənistana ikitərəfli müzakirələrə başlamağı təklif edib. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu münaqişənin həllinə heç bir töhfə verə bilmədi. Əksinə, davamlı olaraq Azərbaycan tərəfinə diktə etməyə çalışdılar ki, rəsmi Bakı işğalla barışsın:

“Bəyan edirdilər ki, münaqişənin hərb yolu ilə həlli mümkün deyil və mütləq sülhlə çözülməlidir. Azərbaycan öz gücü hesabına 30 illik münaqişəni həll etdi və BMT-nin qətnamələrinin icrasını reallaşdırdı. Bununla da Ermənistanın işğalına son qoyuldu. İndi Minsk qrupu yenidən peyda olaraq tərəflərə çağırış edir, prosesə töhfə verməkdən danışır.

Həmsədrlərin müharibədən sonra Azərbaycana səfərini və dövlət başçısı İlham Əliyevin onlara iradını hamı yaxşı xatırlayır. Zəfərimizdən 8 aya yaxın zaman keçib. İndiyədək Minsk qrupundan hansısa təklif, ideya müşahidə etməmişik. Yenə passivlik, haqsız tərəfin yanında durmaq və tərəfləri eyniləşdirmək siyasətini güdürlər.

Həmsədrlərin sonuncu bəyanatında da biz ikili standartları, ədalətsiz yanaşmanı gördük. Son günlər sərhəddə baş verən bütün təxribatları Ermənistan törədib, Azərbaycan isə İrəvanı israrla yekun sülh danışıqlarına, masaya dəvət edir. Ona görə də indiki bəyanatda erməni tərəfinin davamlı təxribat cəhdləri pislənməli, qınanmalı, İrəvan bu kimi əməllərdən çəkindirilməliydi.

Azərbaycan dövlətinin də, xalqının da Minsk qrupuna etimadı tükənib. Artıq turistik səfərlərə və mənasız müzakirələrə ehtiyacımız yoxdur. Bizə real və nəticəsi olan iş lazımdır”.