Qərbdən sifariş verilib

Zəngəzur dəhlizinin açılmasından narahatlıq keçirən region dövlətlərindən biri də Gürcüstandır

“10 noyabr Bəyanatının, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı atılan addımlar məğlub Ermənistan və “böyük bacısı” Fransa ilə yanaşı, “erməni məsələsi”ndən geosiyasi təzyiq vasitəsi kimi istifadə edən digər siyasi mərkəzləri, regionun bəzi dövlətlərini də narahat edir”. Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Analitik yazıb ki, Zəngəzur dəhlizinin açılmasından narahatlıq keçirən region dövlətlərindən biri də, təəssüf ki, ən çətin günlərdə dayaq olduğumuz, sayəmizdə qlobal enerji və nəqliyyat dəhlizlərinin ötürücü mərkəzlərindən birinə çevrilən Gürcüstandır:

“Bu ölkənin siyasi rəhbərliyi düşünür ki, Zəngəzur dəhlizi gerçəkləşəcəyi təqdirdə yük daşınmaları ilə bağlı ağırlıq mərkəzi dəyişəcək.

Azərbaycan və Türkiyə üzərindən həyata keçirilən daşınmalar üçün daha sərfəli, az xərc tələb edən alternativlərin yaranacağını, bununla Gürcüstanın həm regional təsir imkanlarından, həm də gəlirlərdən məhrum olacağını fikirləşirlər. Məhz bu baxımdan Ermənistan dolayısı ilə Zəngəzur dəhlizinə qarşı daha çox dirəniş göstərməyə sövq edilir. Qərbdən verilən sifarişlər əsasında alternativ layihələrin işə salınmasına çalışırlar.

Ermənistan İqtisadiyyat nazirinin vəzifəsini icra edən Vaan Kerobyan və onun müavini Avaq Avanesyanın Gürcüstana iki günlük səfərinin təməlində də, yuxarıda qeyd etdiyim məqamlar dayanır. Ötən gün Gürcüstanın Maliyyə naziri Laşa Xuçaşvili ilə görüşən erməni rəsmilərin müzakirə etdikləri əsas mövzu da Gürcüstan ərazisindən tranzit yük daşınmaları ilə bağlı olub. Tərəflər çox güman ki, bu məqsədlə nəqliyyat infrastrukturunun yaxşılaşmasına çalışacaq. ABŞ və Fransanın, həmçinin Avropa İttifaqının bununla bağlı dəstəyini almağa cəhd göstərəcəklər”.