Qubada Vətən müharibəsi Qəhrəmanının xatirəsinə yaradılan bulağın açılışı olub

Qubada Vətən müharibəsi Qəhrəmanının xatirəsinə yaradılan bulağın açılış mərasimi olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qamqam kəndində şəhid, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin xatirəsinə yaradılmış bulağın, eləcə də Qamqam kəndindən Birinci və İkinci Qarabağ Müharibəsində şəhid olan Vətən oğullarının şərəfinə yaradılan xatirə kompleksinin açılış mərasimi olub.

Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

Qeyd edək ki, Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci ilin mayın 13-də Qubada anadan olub. 17 il Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, Azərbaycanla yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb.

Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşada döyüşüb, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını məhv edib. M.Niftəliyev noyabrın 8-də Şuşada qəhrəmancasına şəhid olub.


Şəhidin qəhrəmanlığı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.Niftəliyev "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.