Təbrizli jurnalist: “Bakı İrəvanın “arzusunu” ürəyində qoyacaq” – ...Hərbi güc!

Qarabağ ətrafında baş verən proseslər forma və məzmun baxımından dəyişilsə də,  gündəmdən düşmür. Çünki yeni “düyün”lər yaranmaqdadır. “Suyu bulandıranlar” var. Amma qardaş Türkiyə bütün müstəvilərdə yenə də yanımızdadır.
Baş verən son proseslərin perspektovləri ilə bağlı fikirlər müxtəlifdir. “Sherg.az” olaraq bu dəfə son olaylar və onların informasiya cəbhəsindəki inikası barədə Türkiyədə yaşayan təbrizli jurnalist Taha Kermani ilə söhbətləşdik

- Ermənistanın son vaxtlar təkrarlanan təxribatları nə ilə bağlıdır?

- Düşmən uduzsa da, bunu qəbul etmək istəmir. İrəvan məsələnin bitməsində maraqlı deyil. Odur ki, atəşkəsi pozur. Və bununla həm də üçtərəfli anlaşmalardan narazı qalan güclərin diqqətini çəkməyə çalışır.

- Elə isə bu proseslər nə ilə nəticələnəcək?

- Əlbəttə, Qarabağ məsələsi təkcə Azərbaycanla Ermənistan arasında olan problem deyil. Əks halda otuz il davam etməzdi. Biz çox ciddi iş bacarmışıq. İndi Bakının prioriteti azad etdiyi yerlərdə sürətli bərpa işləridir. Çünki xalq gözlənti içindədir. Yekun sülh müqaviləsinin yaxın vaxtda imzalanmasını gözləmirəm. Nəzərə almaq lazımdır ki, İrəvan hələ də “Böyük Ermənistan” xülyasından ayılmayıb.

- Deməli, növbəti müharibə ola bilər?

- Bunu dəqiq demək çətindir. Ermənistan təxribatlarına ara vermir. Əlbəttə, Azərbaycan provokasiyalara cavab verir, verəcək. Biz müharibə tərəfdarı deyilik. Lakin Bakı İrəvanın regionda qeyri sabitliyi uzun müddət davam etdirmək arzusunu ürəyində qoyacaq. Bunu diplomatik və hərbi gücü ilə edəcək.

- İkinci Qarabağ savaşından indiyədək çəkən informasiya savaşı barədə nə deyə bilərsiniz?

- Müasir mübarizələri informasiya müharibəsiz təsəvvür etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, savaş təkcə cəbhədə getmir. 44 günlük hərbi əməliyyatlar dövründə bütün təxribatlara, dezinformasiyalara rəğmən, Azərbaycan öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağı bacarmışdı. Həmin müddətdə həmişə olduğu kimi, yenə də Türkiyə və Azərbaycan birgə mübarizə aparmışdı. Türkiyə mediası da əlindən gələni etmiş, haqqın yanında qərarlaşmışdı.

- Belə vaxtlarda sosial medianın məhdudlaşdırılmasına münasibətiniz necədir?

- Bu, hakimiyyətlərdən asılı məsələdir. Və adətən analoji vəziyyətlərdə xalqla hakimiyyətin mövqeyi üst-üstə düşmür. Mən isə bir jurnalist kimi söz və ifadə azadlığının təmin edilməsinin tərəfdarıyan. Yəni məhdudlaşdırılmaların əleyhinəyəm.

- Bu o deməkdir ki, bütün informasiyalar olduğu kimi təqdim edilməlidir?

- Təqdim edilən məlumat istənilən halda “süzgəcdən” keçirilməlidir. Bu, adi etik kodeksdir. Doğrudur, vətənpərvərlik bəzən xəbərlərin yayımını məhdudlaşdıra bilər. Əsas məsələ hakimiyyətin informasiya siyasətindən asılıdır. Proses elə tənzimlənməlidir ki, ictimaiyyətdə narazılıq yaranmasın. İnsanlar bunu informasiyanın məhdudlaşdırılması kimi yox, medianın daha diqqətli davranması kimi başa düşməlidirlər. Ən azından ona görə ki, hər bir vətəndaşın informasiya almaq hüququ var.