“Başqa cür bir millət olmaq mümkün deyil” – Qardaşlıq vəzifəsi...

“Biz bundan sonra da daim bir-birimizin yanında olacağıq, tarixi ənənəmiz davam edəcək” 


Prezident İham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyədə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir.
Belə ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb. Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, Nazirliyin qüvvələri yanğınlarla mətinliklə mübarizə aparır.

 Azərbaycan ilk gündən etibarən Türkiyəyə qardaş dəstəyini göstərdi və bu, hər iki tərəfdə rəğbətlə qarşılandı.

 Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Bakının Ankaraya qardaş dəstəyi barədə “Sherg.az”a danışdı:

“Belə hallar qəfil olur və hansısa ölkə üçün istisna deyil. Bəzən düşmən ölkələr də bir-birilərinə kömək edirlər. Bu, dünyada qəbul olunub. Lakin, əlbəttə, Azərbaycanın Türkiyəyə dəstəyi fərqlidir. Bu, ənənənin əsası hələ bir əsr əvvəl qoyulub. Biz daim bir-birimizin yanında olmuşuq. Bir millətin iki dövləti var. Deməli, sıxıntı yaşanarsa, birgə mübarizə aparmalıyıq. Şübhəsiz ki, payız gələcək, yağışlar yağacaq və meşələr bərpa olunacaq. Əsas məsələ Azərbaycanın sınaqdan çıxmasıdır. Bu dəstək bizim qardaşlıq vəzifəmizdir. Bir millət olmaq məzh bunu tələb edir. Başqa cür bir millət olmaq mümkün deyil. Biz bundan sonra da daim bir-birimizin yanında olacağıq, tarixi ənənəmiz davam edəcək”.