Zakir Həsənovdan tapşırıqlar: Hədəf nədir? - AKTUAL ŞƏRH

“Müdafiə naziri Zakir Həsənov müavinləri, ordu korpuslarının komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirib”. 
“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib. 
Analitik görüşdə diqqət çəkən məqamların olduğunu vurğulayıb: 

“Müdafiə naziri Zakir Həsənov Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib. Bu o deməkdir ki, Kəlbəcərdə dövlət sərhədinin delimitasiyası başa çatmayıb və gələcəkdə proses ağrılı keçə bilər. Lakin elə məna yükləmək olmaz ki, genişmiqyaslı toqquşma ehtimnalı yüksəkdir, bununla belə ayıq-sayıqlıq şərtdir. Nazir Zakir Həsənov döyüş planlarının dəqiqləşdirilməsini tələb edib. Əslində hər hərbi hissənin özünün döyüş xəritəsi, planı olur. Görünür ki, bölmələrin dövlət sərhədinin Kəlbəcər istiqaməti ilə bağlı  konkret döyüş planı yoxdur. Bununla belə, ordumuz orada da möhkəmdir və konkret döyüş planı olmadan da məqsədinə nail olur”.


A.Kərimov bəyan edib ki, döyüş planı dəqiqləşərsə, gələcəkdə baş verən təxribatlara qarşı daha optimal və konkret cavablar veriləcək və Ermənistanın əli-qolu tamamilə bağlanacaq: 

“Zakir Həsənov qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsini də tapşırıb. Bu, o deməkdir ki, maksimum şəkildə istehkam işləri tez yekunlaşmalıdır və sərhəd qışa qədər möhkəmlənməlidir”.