“İsraildə diplomatik nümayəndəliyimizin açılması..."

Bir neçə gün əvvəl İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb. Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi məlumat yayıb. Açılış mərasimlərində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin turizm naziri Yoel Razvozov və Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyevin iştirak ediblər. 
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını bildirib.

Politoloq İlqar Vəlizadə sözügedən təşəbbüsün əhəmiyyətini “Sherg.az”a qiymətləndirdi:

“Tərəflər arasında hərtərəfli əlaqələr inkişaf etməsinə rəğmən, Azərbaycanın İsraildə rəsmi nümayəndəliyi yox idi. Və bu, müxtəlif səbəblərlə bağlı idi. Son vaxtlar isə nümayəndəliyimizin açılması üçün əlverişli şərait yarandı. Ticarət və Turizm nümayəndəlikləri həm də humanitar məsələlərlə məşğul olacaq. Bu qurum eyni zamanda turizmin inkişafına töhfə verəcək. Regional siyasətdən və ikitərəfli qarşılıqlı əlaqələrdən asılı olaraq gələcəkdə İsraildə diplomatik nümayəndəliyin də açılması gözlənilir”.