Altılıq platforması! - “Bakı və Ankara Tiflisi razılaşdırmağa çalışacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub. Məlumata görə, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.  Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatların uğurla həyata keçirdikləri Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

 Liderlər arasındakı görüşü “Sherg.az”a şərh edən siyasi analitik Asif Nərimanlının fikrincə, bu, altılıq platforması ideyası ilə bağlıdır:

“Regionda altılıq platformasına soyuq münasibət göstərən yeganə ölkə Gürcüstandır. Rəsmi Tiflis hələ tərəddüd edir. Çünki qərb qonşumuz Zəngəzur dəhlizinin açılacağı təqdirdə Gürcüstan yolunun aktuallığını itirəcəyindən narahatdır. Halbuki prezident İlham Əliyev narahatlığa əsas olmadığını dəfələrlə nəzərə çatdırıb. İkinci bir tərəfdən, Gürcüstan Rusiya faktoruna görə bu layihədə yer almaq istəmir. Beləliklə, Tiflis altılıq platformasının yaranmasının qarşısını almaq istiqamətində ABŞ-ın əlində “kozır”dur. Rəsmi Vaşinqton bütün imkanları ilə Tiflisi proseslərdən kənarda saxlamağa çalışacaq”.

A.Nərimanlı proseslərin bundan sonrakı inkişafından da danışdı: 


“Əslində danışıqlar gözlənilən idi. Gürcüstan baş nazirinin Bakıya səfəri zamanı da həmin məsələ müzakirə edilmişdi. Gürcüstan hələlik gözləmə mövqeyindədir. Bakı və Ankara Tiflisi bu məsələyə razı salmağa çalışacaq. Fikrimcə, gələcəkdə təmaslar daha intensiv olacaq. Gürcüstanın verəcəyi qərar Avropadakı vəziyyətdən asılıdır. Ankara hətta mövcud narazılığın aradan qalxması naminə Rusiya ilə Gürcüstan arasında vasitəçi də ola bilər. Lakin Gürcüstanın təklifə yaxın zamanda müsbət cavab verəcəyini gözləmirəm”.