"Keçmişimizi, gələcəyimizi əks etdirən kinolarımız yenə olsun”

İki avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.
Xatırladaq ki, 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonlentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib.
18 dekabr 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə avqustun 2-si  kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.
“Sherg.az”la həmsöhbət olan, xalq artisti Firəngiz Mütəllimova bütün həmkarlarına təbriklərini çatdırıb:

“Ən sevdiyim aktyorlardan biri, “Qanlı Zəmi” filmində tərəf müqabilim olan  Ənvər  Həsənov Prezidentimiz tərəfindən evlə təmin olundu. Onu da təbrik edirəm. Çünki Ənvəri həmişə çox istəmişəm. Mənim üçün sevindirici xəbər oldu. Arzum budur ki, əvvəlki filmlərimizin ab-havası geri qayıtsın.  Aktyor heyəti gül çələnginə bənzəməlidir.

Mən “Bəyin oğurlanması”nda rol almışam. Xatırlayın, orda nə qədər böyük sənətkarlarımız  var idi. Onu izləyəndə dedim, bundan sorna filmə çəkilməsəm də olar. Bu, mənə bəsdir. İstəyirəm ki gələcəkdə filmlərimiz Vətənpərvər mövzusunda çəkilsin. Son Qarabağ savaşında şəhid olan oğullarımızın həyatından bəhs etsin.

Hərəsi bir dastandır, filmdir. Milli geyimlərimizin yer aldığı seriallar ərsəyə gəlsin.

Bütün dünya görsün. Yeni nəsil yetişir. Eyni kinolara, insanlara baxmaqdan adamın  gözü ağrıyır. Aktyor seçimlərinə də diqqət edilsin. Bilmirəm, bu nə ilə əlaqəlidir. Mən işin icraçısıyam, sadəcə rol alıram. Diləyirəm ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinotudiyası yenidən  necə lazımdırsa, işə başlasın.

“Ögey ana”, “Dəli kür”, “Yeddi oğul istərəm” , “Dağlarda  döyüş”, “Babək” “Nəsimi” kimi filmlərimiz var idi. Belə keçmişimizi,  gələcəyimizi əks etdirən kinolarımız  yenə   olsun”.