Baş naziri yenə fiasko gözləyir

Nikol Paşinyanın heç bir manevr imkanları qalmayıb


Ötən gün baş nazir əvəzi Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olunub. Bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan Fərman imzalayıb. Qeyd edək ki, N.Paşinyanın baş nazir vəzifəsinə namizədliyi parlament çoxluğu - “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb. Qeyd edək ki, N.Paşinyanın baş naziri vəzifəsinə namizədliyi parlament çoxluğu - “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb. Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi baş nazir vəzifəsinə təsdiqləyir.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib ki, Nikol Paşinyanın baş nazir təyin olunacağı gözlənilən idi. Analitik qeyd edib ki, baş nazirin bundan sonra edəcəyi və atmalı olduğu bir sıra addımlar var:

"Atmalı olduğu addımlardan ən birincisi, əlbəttə ki, 10 noyabr bəyannaməsinin və 11 yanvar Moskva görüşünün detallarının reallaşdırılmasıdır. Yəni bu sahədə artıq əməli və praktiki siyasət həyata keçirilməlidir. Düşünürəm ki, özəlliklə də Zəngəzur dəhlizinin açılması məsələsində artıq Nikol Paşinyanın heç bir manevr imkanları qalmayıb. Həmçinin, o, Azərbaycanın reallaşdırdığı regional layihələrdən də istifadə edərək, xaosa və süquta uğramış Ermənistan iqtisadiyyatını dirçəltmək, bölgədə etimad mühitini yaratmaq üçün addımlar atmalıdır. Amma görünən odur ki, Nikol Paşinyan hələ də regiona başqa dövlətləri daxil etmək istəyir. Özəlliklə artıq son 10-15 gün ərzində Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi daha da güclənib. Nikol Paşinyan Rusiyanın sülhməramlı qismində Qarabağda olması ilə razı deyil. Buna görə də ABŞ-ı, Fransanı bölgəyə daxil etmək istəyir". 
T.İsmayılov diqqətə çatdırıb ki, Paşinyan ATƏT-in Minsk qrupunun canlandırılması üçün də əlindən gələni etməyə çalışır: "Bilirsiniz ki, Paşinyan müharibə dövründə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək üçün əlindən gələni etdi. Lakin fiaskoya məruz qaldı və bu sevdasından vaz keçdi. Onu qızışdıran Qərb dövlətlərinin də əslində praktiki olaraq hansısa addımlar atacağını düşünmürəm, xüsusən də hərbi formada regionda təmsil olunmaq. Bu baxımdan Nikol Paşinyan bu arzusunun da regionda fiaskoya uğradığını görüb 10 noyabr bəyanatının şərtlərinə əməl etməyə məcburdur. Əks təqdirdə nələrlə qarşılaşacağını çox yaxşı anlayır".