Jirinovski sərsəmlədi

Bakı Kremldən reaksiya gözləyir

Siyasi təlxəyin cavabı vaxtında verilməlidir


Hər zaman sərsəm bəyanatları ilə gündəmə Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycanı və Türkiyəni təhdid edən bəyanatlar səsləndirib. “Komsomolskaya pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının 30 iyul tarixli buraxılışında növbəti dəfə Azərbaycan dövlətçiliyi və rəhbərliyin ünvanına hədyanlar söyləyib. Jirinovski bildirib ki, Cənubi Qafqaz Rusiyanın 200 illik müstəmləkəsi olub və ona görə də bölgədə hamı Rusiyanın iradəsi ilə hesablaşmalıdır. Bundan başqa o, Rusiya sülhməramlılarına qarşı “xüsusi münasibət” də tələb edib. Həmçinin, Azərbaycan hakimiyyətini rus əsgərləri ilə təhdid edib.

Məlum açıqlamalardan sonra Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona etiraz notası verilib. Qərəzli və təhqiramiz fikirlərlə bağlı rəsmi Bakının ciddi narahatlıq və etirazı müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı vurğulanıb. Habelə ikili münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu qeyd olunub. Etiraz notasından sonra Jirinovski yenidən açıqlama verib. O, absurd ifadələrini “söz azadlığı” ilə əlaqələndirməyə çalışıb: “Bakıya toxunmayacam – yoxsa etiraz notası olar. Ermənistana da toxunmayacam. Ümumiyyətlə, biz susmalı, onların rus xalqının hesabına yaşadıqlarını deməməliyik? Hansısa məmur doğru düşünmür və müvəqqəti işlər vəkilinə nota təqdim edir, yəni onlar söz azadlığını bilmirlər?”.

Artıq neçənci dəfədir ki, sərsəm-faşist ritorikasına üstünlük verən Jirinovski ölkəmizə qarşı bu şəkildə hədyan dolu çıxışlarlar səsləndirir. Görünən odur ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ermənilərin dostu olan Jirinovskiyə ciddi təsir edib. Azərbaycanın qələbəsinin Rusiyada şovinist qüvvələrin kefinə soğan doğradığı açıq-aydın sezilməkdədir. Amma bu cür siyasi klounlar həm Azərbaycan XİN-in, həm də cəmiyyətimizin sərt reaksiyasını hiss etməlidir ki, özlərini yığışdırsınlar və məsuliyyətlərini dərk etsinlər. Əslində Rusiya cəmiyyətinin özü də bu siyasi təlxəyə ciddi reaksiya göstərməlidir. Çünki onun imperiya çağırışları və ritorikası ilk növbədə Rusiyanın özünü dünya birliyinin hədəfinə gətirir və nüfuzuna ağır zərbə vurur. İndi heç bir ölkə öz işğalçı keçmişi ilə, müstəmləkə siyasəti ilə öyünmür. Bu cür hədyanla ilk növbədə Kremlin özünə zərbədir və Moskvanın bölgədəki siyasətinə xələl gətirir. Jirinovski bu çıxışı ilə əslində dolayısı yolla Rusiyanı işğalçı kimi təqdim edir. Ekspertlərin fikrincə, Jirinovskinin sayıqlamaları Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilə bilməz. Son illər iki dövlət arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, bu adamın əsas işi digər ölkələrin daxili işinə qarışmaq, onları təhqir etmək və aşağılamaqdır. Deputatın sözlərinə görə, söyüşkən, jarqon ifadələrdən öz çıxışlarında davamlı istifadə edən Jirinovski normal polemika aparmaq qabiliyyətinə malik deyil:

“Dəvət edildiyi bütün verilişlərdə aparıcıları aşağılayır. Onun təhqir etmədiyi, söymədiyi siyasətçi, ictimai xadim və veriliş aparıcısı qalmayıb. Əsas ritorikası söyüş və təhqir olan bu şəxs hələ də anlamır ki, bu sərsəm bəyanatları ilə Rusiya ilə keçmiş sovet respublikaları arasında münasibətləri korlayır. Yaxşı olar ki, öz enerjisini xalqlar arasına nifaq və düşmənçilik salmağa, onları aşağılamağa və təhqirə deyil, dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə sərf edəydi. Jirinovski anlamaladır ki, artıq sovet ittifaqı yoxdur. Azərbaycan suveren, müstəqil respublikadır və onun daxili işlərinə heç kim qarışa bilməz. Ona xatırlatmaq lazımdır ki, Azərbaycan “banan respublikası” deyil və Azərbaycan xalqı ona uzanan dili və əli kəsməyə qadirdir. Azərbaycan Ermənistandan fərqli olaraq hər zaman Rusiya ilə dostluğun və əməkdaşlığın gücləndirilməsinə xüsusi  önəm verib. Rusiya ilə münasibətlərdə səmimi və açıq olub. Ermənistan isə hər zaman ikili oyun oynayıb, xəyanət edib. Necə ki bu gün bunu yenə edir. Prezident İlham Əliyev dəfələrlə Rusiya rəhbəri ilə dostluq əlaqələrinə malik olduğunu vurğulayıb. Azərbaycan-Rusiya münasibətləri davamlı inkişaf edir və bu əlaqələrin inkişafına heç kim xələl gətirə bilməz”. 

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov “Şərq”ə bildirib ki, Jirinovski ilk dəfə azərbaycanlıları 1990-cı illərdə təhqir etmişdi, sonra müəyyən vaxtlarda öz təlxəkliyini sürdürdü. Analitikə görə, onun son bəyanatı Kreml kloununun növbəti sərsəmləməsidir:

“Bizi rus əsgərləri ilə təhdid etmək lazım deyil. Bu təhdidlər 44 günlük müharibədə sənin müdafiə etdiyin Ermənistanın deyil, hədə-qorxu gəldiyin Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Hazırda Rusiyanın vasitəçiliyi ilə Cənubi Qafqazda Bakı və İrəvan arasında müzakirələr gedir. Rusiyanın özü üçün də vacib olan cənub hüdudlarındakı sabitlik ədalətli yanaşmadan asılıdır. Əgər kimlərsə Qarabağın dağlıq hissəsi ilə bağlı cığallıq edəcəksə, itirən tərəf olacaqlar. Sülhməramlılar isə müvəqqətidir. Torpaqlarımızda həmişəlik yuva salmaq istəyənlər əmin olsunlar ki, bu, mümkün olmayacaq. Azərbaycana qarşı çirkin planlarını işə salsalar, onları da erməniləri qovduğumuz kimi qovarıq. Xalqımız Prezidentimizin apardığı daxili və xarici siyasəti dəstəkləyir və hər an ölkə başçısının yanındadır”.