PKK izi görünür

Yanğınların turizm zonasında törədilməsi təsadüfi ola bilməz

Arzu Nağıyev: "Terror təşkilatlarının praktikasında belə əməllər dəfələrlə qeydə alınıb"


Türkiyənin cənub bölgələrini bürüyən və günlərdir həyatı zəhərə çevirən meşə yanğınları ilə mübarizə davam edir. Əfsuslar olsun ki, dəhşətli yanğınlarda həyatını itirənlərin sayı artmaqdadır. Səhiyyə naziri Fəxrəddin Qoca yanğın nəticəsində 8 nəfərin öldüyünü, 864 nəfərin isə yaralandığını deyib. Meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, indiyədək 125 yanğından 117-si nəzarətə alınıb, bəziləri isə tamamilə söndürülüb. Pakdemirli Antalyanın Manavqat rayonu, Gündoğmuş qəsəbəsində, Muğlanın Marmaris, Milas rayonlarında, Göyçeğiz, Kavaklıdərə qəsəbələrində, Menteşe, Seyidlikəmər məhəllələrində, Tunceli vilayətinin Hozat rayonunda yanğınların davam etdiyini deyib.

Muğlanın Milas rayonunda meşəlik ərazidə başlayan yanğın küləyin təsirindən daha da şiddətlənib. Manavqatın Sırtköy bölgəsində alovların hündürlüyü 20 metrədək yüksəlib. Marmarisin Turunç məhəlləsində isə əhalinin evakuasiyasına başlanılıb. Milasın Gökbel kəndi tamamilə boşaldılıb. Ölkənin Milli Müdafiə Nazirliyi Muğlanın Marmaris bölgəsindəki meşə yanğını səbəbilə Turunç bölgəsindəki vətəndaşların təxliyəsi üçün bölgəyə iki gəmi göndərildiyini açıqlayıb. Yanğın təhlükəsinə görə, bir çox məhəllə sürətli şəkildə boşaldılıb. Qeyd olunub ki, yanğınların söndürülməsində ümumilikdə 16 təyyarə, 9 pilotsuz uçuş aparatı, 45 helikopter, 6 idarəetmə və bir 1 pilotsuz helikopter, 708 suçiləyici, 120 inşaat maşını, 4800 heyət iştirak edir. 

Yanğının qəsdən törədilməsi ilə bağlı müzakirələrin getdiyi bir vaxtda PKK terror təşkilatı yanğını özünün törətdiyini boynuna alıb. “Alov uşaqları” adlı terror təşkilatı Türkiyədə günlərdir davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürüb: “Türk rejimi başqa bir dil anlamadığına görə, onları yanğınla diz çökdürməyin zamanı gəlib”. Dronlar və təhlükəsizlik kameraları ölkənin ayrı-ayrı yerlərində eyni saatda meşə yanğınlarının “Molotov kokteyli” vasitəsilə törədildiyini qeydə alıb.

Qeyd edək ki, “Alovun uşaqları” qruplaşması PKK terror təşkilatına bağlıdır. Daha əvvəl Türkiyənin ayrı-ayrı KİV-ləri meşə yanğınlarında PKK terror təşkilatı üzvlərinin əlinin ola biləcəyi ehtimalını irəli sürüb. Türkiyənin Manisa əyalətinin Turqutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri də yaxalanıb. Keçən il Türkiyədə baş verən yanğınları da “Alovun uşaqları” öz üzərinə götürüb. Ümumiyyətlə, 1990-cı illərdən etibarən meşə sabotajlarını terror aktı kimi mənimsəyən PKK ötən illər ərzində çox sayda yanğın törədib. PKK-nın terrorçu başı Murat Karayılan 2020-ci ildə öz tərəfdarlarına “Meşələri yandırın” təlimatını verib. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etməyiblər. Hətta bəzi ekspertlər bildiriblər ki, “Alovun uşaqları”ı daim erməniləri müdafiə edib. Terror təşkilatının yaranmasının təşəbbüskarı ASALA-dır. Onların təlimləri də ASALA kamplarında keçirilib. 2019-cu və 2020-ci illərdə erməniləri müdafiə edən bu terror təşkilatının maliyyəçiləri içərisində Amerika və Fransadakı erməni fondları yer alıb. 

Millət vəkili, təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Arzu Nağıyev “Şərq”ə açıqlamasında vurğulayıb ki, zaman-zaman müxtəlif terror təşkilatları təbii fəlakət adlanan hadisələrdən sui-istifadə edirlər. Deputatın sözlərinə görə, terror təşkilatlarının praktikasında belə əməllər dəfələrlə qeydə alınıb:

“Nəzərə alaq ki, yanğınlar əsasən turizm sektorunun geniş yayıldığı ərazilərdə baş verib. Ona görə də haqlı olaraq yanğınlarla bağlı müəyyən versiyalar gündəmə gəlir. Türkiyədə yanğınların kənardan müdaxilə ilə baş verməsi ehtimalı yüksəkdir. Bu, çox ciddi məsələdir. Məlumdur ki, PKK-ya yaxınlığı ilə bilinən “Alovun uşaqları” adlı təşkilat yanğınları törətdiklərini etiraf etdi. Əlbəttə, versiyaların hamısı ciddi yoxlanmalıdır. Məhz turizmin inkişaf etdiyi bir məqamda belə yanğınların üzə çıxması təsadüfi sayıla bilməz. Həm də Türkiyə daxilindəki siyasi proseslərdə bunu xüsusi qabartmağa çalışırlar. Məsələyə kompleks yanaşsaq, kənar müdaxiləni istisna etmək olmaz. Yanğınlar bir neçə istiqamətdə ciddi itkilərə yol açmaqdadır. Əfsuslar olsun ki, insan itikisi də artır. Sakinlərin təxliyəsi, təhlükəsizliyin təmin edilməsi, yanğınların tam söndürülməsi, istirahət zonalarının, ziyan dəymiş mənzillərin və yanmış meşə zolağının bərpası üçün ciddi maliyyə vəsaiti tələb olunur. Amma qardaş Türkiyənin bütün problemlərin öhdəsindən gələcəyinə şübhəmiz yoxdur”.