Naxçıvan təxribatları təsadüfi deyil

Düşmən sərhədlərin müəyyənləşməsini ertələməyə çalışır

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində atəşkəsi demək olar ki, hər gün pozmaqdadır. Müdafiə Nazirliyinin məlumatına görə, erməni silahlıları Naxçıvanın Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində mütəmadi olaraq mövqelərimizi atıcı silahlardan atəşə tuturlar. Siyasi şərhçilərin fikrincə, Ermənistan silahlı qüvvələrinin Naxçıvana atəş açmasının məqsədi konkret hansısa nəticələr əldə etmək deyil. Ümumiyyətlə, Ermənistan son günlərdə Azərbaycanla dövlət sərhədini birtərəfli qaydada pozaraq, mövqelərimizi atəşə məruz qoyub.

Məlum olduğu kimi hazırda sərhədlərin müəyyənləşməsi prosesi gedir. O cümlədən, Qazaxın 7, Naxçıvanın Kərki kəndinin boşaldılması, Zəngəzur dəhlizinin və bütün kommunikasiyaların açılması məsələləri ciddi müzakirə olunur. Məğlub Ermənistan isə çalışır ki, zəif mövqe ilə danışıqlara getməsin. Çünki bu halda öz maraqlarını təmin edə bilməyəcəyini yaxşı bilir. Ermənistan KTMT-dən, Rusiyadan ciddi dəstək ala bilməyəcəyini bildiyinə görə 3-cü, 4-cü qüvvələri prosesə cəlb etməyə çalışır. Naxçıvan Türkiyənin zəmanəti altındadır. Fransa da Türkiyə ilə öz çəkişməsini məhz Naxçıvan, Qarabağ üzərindən davam etdirməyə çalışır. Yəni Naxçıvanın atəşə tutulmasının bir səbəbi Azərbaycanla bağlı geosiyasi maraqlardırsa, digər səbəbi qardaş Türkiyədir. Bu həm də Türkiyəyə mesajdır. 

Ermənistan silahlı qüvvələrinin davamlı təxribatı ilə bağlı “Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, 10 noyabr bəyannaməsinə əsasən, Ermənistan-Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiya prosesi başlamalı və sona çatdırılmalıdır. Partiya rəhbərinin sözlərinə görə, sərhəd məsələsinin yekunlaşması qaçılmazdır, labüddür:

“Azərbaycan-Ermənistan sərhədləri birmənalı müəyyən olunmalıdır. Əsasən, müzakirə olunan məsələ iki ölkə arasındakı sərhədlərin SSRİ dövründəki xəritələrə uyğunlaşdırılması ilə bağlıdır. Azərbaycan Ordusu sovet vaxtı müəyyən olunmuş qanuni sərhədlərimizə doğru irəlilədikcə, Nikol Paşinyan Rusiya tərəfi ilə bir neçə dəfə danışıqlara gedib. Amma açıq-aşkar görünən odur ki, Moskva sərhəd məsələsində loyal mövqe tutur və rəsmi Bakının haqlı yanaşmasını dəstəkləyir. Belə şəraitdə Ermənistan kənarda qalır və müəyyən təxribatlarla başqa dövlətlərin, xüsusən Qərb ölkələrinin diqqətini Cənubi Qafqaza çəkməyə çalışır. Naxçıvanın Kərki, eləcə də Qazaxın 7 kəndi hələlik ermənilərin nəzarətindədir və mütləq Azərbaycan tərəfinə təhvil verilməlidir. Ermənistan tərəfi 30 illik işğaldan istifadə edərək xüsusən, Zəngilan və Kəlbəcər istiqamətində dövlət sərhədlərini Azərbaycan hüdudlarından xeyli irəli çəkiblər. Rəsmi Bakı sərhədlərin geriyə çəkilməsi, ən azı sovet dövründə təsdiqlənmiş sənədlər çərçivəsində müəyyən olunması uğrunda siyasi-hərbi mübarizə aparır. Ona görə də İrəvan hökuməti Kəlbəcər və Naxçıvan istiqamətində davamlı təxribatlara əl atır. Məqsəd bölgədəki vəziyyəti mümkün qədər gərginləşdirmək, sərhəd məsələsini yubatmaqdır”. 

A.Əlizadə vurğulayıb ki, Ermənistan sərhəddə təxribatlara rəvac verməklə ATƏT-in Minsk qrupunun həmsədrlərini, daha dəqiq ifadə etsək, ABŞ və Fransanı prosesə cəlb etmək niyyəti güdür:

“Həmçinin, KTMT-ni, yaxud fransız qoşunlarını sərhədə “dəvət” edir. İrəvan yaxşı bilir ki, beynəlxalq güclərin Azərbaycan-Ermənistan sərhəd məsələsinə müdaxiləsi bu məsələni xeyli ləngidəcək. Aydın görünür ki, prosesdə təkcə Rusiyanın iştirakı Ermənistana sərf etmir. O səbəbdən çıxış yolu kimi məsələni beynəlxalq müstəviyə çıxartmaq istəyirlər”.