"Parlament zorxana, qoçu məclisi deyil"

"Bəzi millət vəkillərinin xoşagəlməz hərəkətləri parlamentimizin nüfuzuna zərbə vurur"

Dünən Milli Məclisin İntizam komissiyasında Baş prokuror Kamran Əliyevin deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğvi barədə parlamentə göndərdiyi təqdimata baxılıb. Öncə millət vəkili Eldəniz Səlimov çıxış edib. Deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib. Belə bir hadisənin baş verməsinə görə, təəssüfləndiyini söyləyib. E.Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib.

Sonda komissiya üzvlərinin hamısı, yəni 11 nəfər baş prokuror Kamran Əliyevin parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib. Müzakirələrdən sonra məsələ parlamentin avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub. Xatırladaq ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimov xidməti vəzifəsini icra edən polis əməkdaşına zor tətbiq edib. Hadisədən sonra cinayət işi açılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə bildirib ki, qanunverici orqanın nümayəndəsinin qanunların icrasını həyata keçirən polisə əl qaldırması yolverilməzdir və cəmiyyət tərəfindən qınaqla qarşılanması anlaşılandır:

“Bu olayda cəmiyyət olaraq hamımız polisimizin yanında olmalıyıq. Heç bir deputat, heç bir məmur öz səlahiyyətlərindən sui-istifadə edib dərəbəyliyə yol verməməlidir. Xalq deputat mandatını bu və ya digər şəxslərə özlərini qanundan üstün tutmaq üçün verməyib. Hamı qanun qarşısında bərabər olmalı və öz hərəkətlərinə görə cavab verməlidir. Parlament zorxana, qoçu məclisi deyil. Milli Məclis millətin say-seçmə insanlarının, milli elitanın cəmləşdiyi müqəddəs bir məbəd, bir məkan olmalıdır. Belə bir ali qurumda təsadüfi insanlara yer ola bilməz. Bunu hər kəs dərk etməli və bu düşüncəyə uyğun da davranmalıdır”.

Ə.Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə hakimiyyətin qanunvericilik qanadında da islahatlar həyata keçirildi:

“9 fevral 2020-ci il tarixdə ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Lakin bəzi millət vəkillərinin bu cür xoşagəlməz hərəkətləri sözügedən islahatların ruhuna ziddir və parlamentimizin nüfuzuna zərbə vurur. Ümid edək ki, bəzi gənc deputatlar bundan sonra öz məsuliyyətini daha da dərindən dərk edəcək. Gələcəkdə heç vaxt deputat adına xələl gətirən hərəkətlərə yol verməyəcək”.