“Jirinovskinin dilindəkilər Kemlin beynindəkilərdir” - ŞƏRH

«Kreml imperialist siyasətini davam etdirir»

«Məqsədi Cənubi Qafqazda qalmaqdır »

«Eyni ilə Əfqanıstan- Tacikistan sərhəddində olduğu kimi, Azərbaycan- Ermənistan sərhəddini də ruslar qorusa, təəccüblənmərəm. Proseslər ona doğru gedir”

Rusiya Dövlət Dumasının sədr müavini, Liberal- Demokrat partiyasının sədri Vladimir Jirnoviskinin bu günlərdə Azərbaycanla bağlı səsləndirdiyi bəyanatlar ciddi reaksiyalara səbəb olub. Özünün siyasətçiyə yaraşmayan hərəkətləri ilə dəfələrlə gündəm olan Jirinovski, yenə nə yuxu görübsə, danışmağa başlayıb.

 Jurnalist, siyasi şərhçi Fuad Abbasov “Sherg.az”a açıqlamasında Jirinovskinin “yuxusunu” belə “yozdu”:

“Jirinovskinin dilindəkilər Kemlin beynindəkilərdir. Bu, bütün müasir tarix boyu belə olub. Sözügedən siyasətçi təxribat xarakterli açıqlaması ilə bağlı razılığı, şübhəsiz ki, hakimiyyətdən alıb.

Müharibə dövründə Sergey Mironovun partiyasından bir nümayəndə Qarabağın Rusiyaya birləşdirilməsi barədə bəyanat vermişdi. Halbuki Mironovun Azərbaycana münasibəti kifayət yaxşıdır. Yəni həmin epizod da Rusiyanın Azərbaycanla bağlı siyasətinin tərkib hissəsi idi”.

F.Abbasovun sözlərinə görə, Moskva “mənəm, mənəmlikdən” əl çəkmək istəmir:

“Jirinovskinin açıqlamasnı Rusiyanın Azərbaycana və Türkiyəyə xəbərdarlığı kimi qiymətləndirirəm. Demək istəyir ki, “qırmızı xətti” keçməyin. Kreml imperialist siyasətini davam etdirir. Məqsədi Cənubi Qafqazda qalmaqdır. Eyni ilə Əfqanıstan- Tacikistan sərhəddində olduğu kimi, Azərbaycan- Ermənistan sərhəddini də ruslar qorusa, təəccüblənmərəm. Proseslər ona doğru gedir”.