Qanunsuz dini yığıncaq təşkil edənlər həbs olundular

İyulun 29-da Lənkəran şəhər sakini İlqar Əzimovun yaşadığı evdə bir qrup şəxslə dini yığıncaq təşkil etməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin ünvana gələn polis əməkdaşları tərəfindən ev sahibinin karantin qaydalarına zidd olaraq sosial məsafə gözlənilmədən dini mərasim təşkil etməsi, qapalı məkanda tibbi maskadan istifadə edilməməsi, səsgücləndirici vasitələrdən istifadə etməklə dini moizələrin səsləndirməsi halları müəyyən edilib.
Bu hallar həmçinin qonşuluqda yaşayan sakinlərin narazılığına səbəb olub.
Mərasimi təşkil edən İ.Əzimov və 22 nəfər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib.
Həmin mərasimin təşkilatçısı İ.Əzimov və digər üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə (211.1-Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulması), (515.0.2-Dini yığıncaqlar və digər mərasimlərin təşkilinin, keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması) əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Əzimov, Ə.Məmmədov, Ş.Rzayev, Ə.Rzayev inzibati qaydada həbs olunublar.