Dəvətnamə “yağışı”:Kimi dua edir, kimi maaşından keçir, kimi də...

                    
Elvin Paşazadə: “Bu gün 11-ci toy dəvətnaməsini aldım"

Vəfa Təyyarqızı: “Maaşdan da əlimizi üzmüşük”

Rəşad Əsgərov: “Əsas məqsəd əvvəlki dönəmdə xərclənmiş pulların yığılmasıdır”

Aydınxan Əbilov:“Cəmiyyət toylardan imtina etmə mədəniyyətini öyrənməlidir” 


“Bəyin oğurlanması” filmində belə bir ifadə işlədilir: “Xəlqimin toy kimi bir adəti var”.  2 ilə yaxındır ki, koronavirus pandemiyasına görə ölkəmizdə toylar keçirilmirdi. İyunun 22-dən etibarən bəzi şərtlər daxilində toy, şənlik mərasimlərinin keçirilməsinə icazə verilir. Elə bu icazənin başlamasıyla evlərdən toy dəvətnamələri əskik olmur. 

Bu barədə sosial şəbəkələrdə media cameəsinin də paylaşımını görmək olar:



"Real" Tv-nin əməkdaşı Elvin Paşazadə:

“Bu gün 11-ci toy dəvətnaməsini aldım. Müğənnilərə şəxsən meydan oxuyuram”.



Arb Tv-nin əməkdaşı Vəfa Təyyarqızı:

“Sayca 14-cü toy dəvətnaməsi alıram, məncə, tarixdə bir ilk yaşayırıq. … Maaşdan da əlimizi üzmüşük”.

Doğrudan da, nə vaxt çatır, nə də cibə uyğun olur. Hətta pandemiyada ailə quranlar da indi toy mərasimi düzənləyirlər.  Xalqımın belə dəbdəbəli “toy sevdası” niyə bitmir? 



Məsələ ilə bağlı  sosioloq Rəşad Əsgərov “Sherg.az”a danışıb. O bildirib ki, insanlar uzun müddətdir , toya gedib, pul yazdırıb.Bir neçə ildir, toyların keçirilməsinə icazə verilmədiyinə görə  fürsətdən istifadə edirlər:

"Həm restoran sahibləri bundan istifadə edib qiyməti qaldırır, inhisarçılığa yol verir, həm də rəsmi nikaha daxil olan , eyni zamanda, övladları dünyaya gələn ailələr də toy şənliyi keçirir. Bunda əsas məqsəd əvvəlki dönəmdə xərclənmiş pulların yığılmasıdır”.



Kulturoloq Aydınxan Əbilov açıqlamasında deyib ki, nə qədər tərifləsək də, toy müasir , kreativ biznesin və yaxud şou-biznesin hadisəsidir.
Onun sözlərinə görə dəvətnamə alan şəxslər xeyir-dua vermək əvəzinə  problemlə qarşılaşdığı üçün  depressiyaya düşürlər:

“Elə mənə də, üç dəvətnamə gəlib. Cəmiyyət toylardan imtina etmə mədəniyyətini öyrənməlidir. Yaxın qohumlarınız, iş yoldaşlarınız və ya dostlarınızdan başqa digər yad adamlar sizi toya dəvət edirsə, onunla münasibəti möhkəmləndirmək marağınız yoxdursa, o toya getməyə bilərsiz.. Belə ki, özünüz toy edəndə qarşılıqlı olaraq dəvətnamə göndərib həmin adamlardan borcunuzu tələb etməmiş olarsız. “Gündə məni toya çağırırlar”düşüncəsi ilə toyda iştirak edərək gənclərə bəd dua etmiş olursuz, elə əvvəlcədən imtina edin”.