Güzəşt olmayacaq! “Minsk Qrupunun “reanimasiyası” mümkün deyil”

Ermənistn hərbi-siyasi hakimiyyəti yenidən əl-ayağa düşüb. Rəsmi İrəvan müxtəlif bəhanalər, vasitələrlə ATƏT-in Minsk Qrupunu canlandırmaq istəyir. Halbuki biz bu qurumun vasitəçiliyindən imtina etmiş və öz işimizi özümüz görmüşük. Çünki Minsk Qrupu faktiki olaraq “ölü can”dır. Həmsədrlər otuz il ərzində nə dindilər, nə də danışdılar. Sadəcə gəldilər, gəzdilər, yeyib-içib , getdilər.  Şübhəsiz ki, bu, İrəvana sərf edir. Bizim isə belə niyyətimiz yoxdur.

 BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli Minsk Qrupunun gələcək taleyi ilə bağlı “Sherg.az”ın suallarını cavablandırdı:

- Ermənistan Minsk Qrupunu “reanimasiyadan” çıxarmağı niyə bu qədər çox istəyir?

- Əlbəttə, bu, İrəvanın maraqlarına və revanşist əhval-ruhiyyəyə uyğundur. Düşmən beləliklə, müharibənin bitmədiyini göstərmək və Qarabağ ermənilərinə “status” verməyə çalışır.

- Qərbin məsələyə münasibəti necədir?

- Fransa ilə ABŞ bunun mümkün olduğunu göstərməyə çalışır. Çünki həmin dövlətlər ancaq Minsk Qrupu vasitəsilə proseslərə müdaxilə edə bilərlər. Lakin Vaşinqton üçün ən yaxşısı Böyük Britaniyanın, Türkiyənin, İtaliyanın Qafqaz siyasətinə uyğun davranmaqdır. Bu, ABŞ-a daha böyük imkanlar verəcək. İkinci bir tərəfdən, Minsk Qrupunun fəaliyyətinin dayanması ATƏT-in nüfuzuna zərbə olacaq. Ona görə də Qərb bu qurumu dirçəltməyə can atır.

- Bəs Rusiya?

- Şimal qonşumuzun ən zəif nöqtəsi sülhməramlıların “statusu”nun müəyyən edilməməsidir. ABŞ və Fransa başa düşür ki, Rusiya təzyiq yolu ilə proseslərə müdaxilə edib. Amma Moskvanı geri çəkə bilmirlər. Bunu yalnız Türkiyə bacarar. Sadəcə təəssüf ki, Qərb, o cümlədən ABŞ Türkiyəyə birbaşa dəstək verməkdən çəkinir.

- Minsk Qrupu hansı halda mövcudluğunu saxlaya bilər?

- Daha real, yeni şərtlərə uyğun gündəlik tərtib olunmalıdır. Lakin hələ də Minsk Qrupu inadkarlığından əl çəkmir, Qarabağ erməniləri üçün hansısa “status”dan danışır. Bu, işi çətinləşdirir. Dediyim kim, yeni, tamam fərqli gündəlik olmadıqca Minsk Qrupunun “reanimasiyası” mümkün deyil.

- Niyə belə düşünürsünüz?

- Çünki Azərbaycanın arxasında Türkiyə, Pakistan, bəzən üzdə görünməsələr də, Böyük Britaniya, İsrail, İtaliya kimi böyük güclər var. Onlar buna imkan verməzlər. Üstəgəl, Bakının Minsk Qrupunuza güzəştə gedəcəyinə inanmıram.