Sosial şəbəkə, yoxsa söyüş platforması?! – Ziyalı da söyür, diletant da...

 “Deməli, cəmiyyətdəki gərginlik həmin platformalarda da öz əksini tapır”

“İnsanlar klaviatura arxasında reallıq hissini unudurlar”


Sosial şəbəkələrdə, o cümlədən “Facebook”da son vaxtlar neqativ hallarla üzləşməkdəyik. Ziyalı kimi tanıdığımız şəxslər, o cümlədən jurnalistlər, yazıçılar, vəkillər bir-birilərinə qarşı təhqiramiz ifadələr işlədir, söyüş söyməkdən nə çəkinir, nə də utanırlar. Beləliklə, bir də baxırıq ki, “ana səhifə” “çirklidir”, “ləkəlidir”. Bu, bəlkə də, həmin “ziyalıların” üzlərinə çəkdiyi “ziya” boyasının axması ilə əlaqəlidir...

BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli sözügedən məsələyə dair fikirlərini “Sherg.az”la bölüşdü: 

“Bunu  insanların psixologiyası və cəmiyyətdə dialoq mühitinin olmaması ilə izah etmək olar. Sosial şəbəkələr cəmiyyətin uzantısıdır. Deməli, cəmiyyətdəki gərginlik həmin platformalarda da öz əksini tapır. İnsanlar bir-birilərinə güzəştə getmək, bir-birilərini başa düşmək istəmirlər. İkinci bir tərəfdən, sosial şəbəkələrdə dialoq, bərabərlik imkanının olması ilə yanaşı, həm də burada naqisliklər üzə çıxır. Bəzən insanlar klaviatura arxasında reallıq hissini unudurlar. Nəticədə belə acınacaqlı mənzərə yaranır”.