“Havası gələn kimi küləyini də gətirəcək” – Söhbət

Bir adam var, onunla həmsöhbət olan hər kəsə müsbət enerji bəxş edir. Bəzən çox təəccüblənirəm. Deyirəm, səhhətindəki problemlərlə mübarizə aparan adam, necə belə həyat dolu ola bilir?  Səsindən mülayimlik, xoşbəxtlik heç əskik olmur. Şeirlərindəki saflıq, ülvilik simasında məskən salıb. Ya da tam əksinə qəlbinin təmizliyini sətirlərə köçürüb.

Vaqif Bayatlı Odərdən danışıram. Uzun müddətdir ki, beyin anomaliyası və ürək xəstəliyindən əziyyət çəkir. Zaman-zaman onunla əlaqə saxlayıb həm maraqlanır, həm də sevənlərinə salamını çatdırırıq.

Düzdür, az danışır. Lakin bizə o da bəsdir.

“Sherg.az” növbəti dəfə sevilən şairlə həmsöhbət olub. O, həm sağlıq durumundan, həm də yaradıcılığından danışıb.


Qısa müsahibəmizi təqdim edirik.

-Necəsiniz?

-Müalicəm davam edir. Dərmanlar qəbul edirəm. Allahın  köməkliyi  ilə yaxşı olar.

-Günləriniz necə keçir?  

-Çox mütaliə edirəm. Televiziya izləyirəm , radio dinləyirəm. Axşamlar da küçəyə çıxmağa çalışıram.

-Yeni şeirlər yazırsınızmı?

 -Bir neçə şeirim var. Adətən şeirləri birdən qələmə alıram. Kitab da qəfildən ərsəyə  gəlir. Havası gələn kimi küləyini də gətirəcək.

-Qələm dostlarınız sizi yada salırlarmı?

- İmkan düşdükcə baş  çəkirlər, görüşürük.

Növbəti sualı ünvanlamaq üçün dillənirəm. Lakin Vaqif bəy həmişəki mehribanlığı ilə söhbəti tamamlamaq istəyir.

-Hamınızı öpürəm. Çox sağ olun. Dünyanın ən xoşbəxt günlərini, ən gözəl sevgilərini arzulayıram.

 Biz də sevimli şairimizə uzun ömür, can sağlığı arzu edirik.