TANAP-ın da operatoru SOCAR-dır



Düz Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan magistral qaz kəmərinin cavabdehliyi bizdədir

“Azərbaycanın enerji sektorunda mühüm hadisə baş verib. Cənubi Qafqaz Boru Kəmərinin operatorluğunun “BP” şirkətindən SOCAR-a ötürülməsi prosesi başa çatıb”.
Bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. İqtisadçı hesab edir ki, əksəriyyət fərqinə varmasa da, burada ciddi və faydalı məqamlar var: “Kimsə “Ac həriflər” tamaşasındakı intilligent kimi deyə bilər ki, “hə, noolsun?”. Əvvəla, bundan sonra hələ onilliklər istismarda olacaq qaz nəqletmə strukturumuzda strateji əhəmiyyətə malik bir layihədə operatorluğa yiyələndik.

Bəs operator nədir? Operator müxtəlif oyunçulardan, səhmdarlardan ibarət komandanın kapitanı deməkdir. SOCAR Şahdəniz layihəsində 2015-ci ildən qazın kommersiya operatoru rolunda çıxış edir. Yəni qazın alqı-satqı məsələlərinin istər Azərbaycanın, istərsə də “Şahdəniz” konsorsiumu iştirakçılarının maraqları çərçivəsində optimal qazancla daha uzun müddətə satılması vəzifəsini həyata keçirir. Bu gündən etibarən isə Şahdənizdən çıxarılan qazın həm də Səngəçal terminalından Gürcüstan-Türkiyə sərhədinədək nəql edilməsi məsələlərinə rəhbərlik edəcək. Yəni SOCAR-ın vəzifəsi Cənubi Qafqaz Boru Kəmərinin təhlükəsiz, ətraf mühitə xələl gətirmədən stabil istismarına cavabdehlikdir”. 

İ.Şaban diqqətə çatdırıb ki, Gürcüstan-Türkiyə sərhədində başlayan TANAP-ın da operatoru SOCAR-dır:

“Düz Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan magistral qaz kəmərinin cavabdehliyi bizdədir. “Neftimizi, qazımızı xaricilər çıxartdı, bəs axırı” sualının cavabının bir hissəsi budur. Yəni bir var əcnəbinin əlinin altında işləyəsən, bir də var işlər sənin rəhbərliyin altında getsin. Arzum odur ki, SOCAR nə vaxtsa məhsuldar bir yatağın işlənməsi ilə bağlı keçirdiyi beynəlxalq, açıq tenderin qalibi ola və hasilatçı-operator kimi adını tarixə yazdıra”.