Rəisinin İranda rəisliyi çətin olacaq


"Xalqın əksər hissəsi bu rejimdən narazıdır, hətta ona düşmən mövqedədir"


İranın yeni seçilən Prezidenti İbrahim Rəisi avqustun 3-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb. O, 8-ci Prezident kimi Tehranda İmam Xomeyni məscidində and içib. Andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei, prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, Xarici işlər naziri Məhəmmədcavad Zərif və dövlətin başqa rəsmiləri də iştirak ediblər. Qeyd edək ki, iyunun 18-də İranda keçirilən 13-cü prezident seçkisində İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini (61,95 faiz) qazanaraq qalib elan olunub. Bəs yeni prezidentin hakimiyyəti dövründə nələr yaşanacaq?

BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, İbrahim Rəisinin hakimiyyət dövrü İran üçün ciddi sınaqlarla keçəcək: "Ümumiyyətlə, İranda siyasi vəziyyətin zaman-zaman gərginləşməsi adi haldır. Səbəblər müxtəlif olsa da, hər zaman nəticə xalqın hakimiyyət əleyhinə, fars molla rejiminin birdəfəlik getməsi kimi şüarlar səsləndirməsinə səbəb olur. Deməli, xalqın əksər hissəsi bu rejimdən narazıdır, hətta ona düşmən mövqedədir. Düşünürəm ki, yeni prezident Rəisinin vəzifəsinə başlaması dövrü İran hakimiyyəti üçün ciddi sınaqların başlaması olacaq".  

Politoloq diqqətə çatdırıb ki, İran Əfqanıstanda mövcud olan proseslərə görə ciddi təhlükə altındadır:

"Əfqanıstandan qaçan qaçqınların əksəriyyəti İran üzərindən Türkiyəyə, ordan da Avropaya getməyə can atır. Türkiyə buna görə İranla sərhəddə beton divar çəkir. Bu divarın çəkilməsi onu göstərir ki, Türkiyənin suriyalı qaçqınlar kimi əfqanıstanlı qaçqınları da kütləvi şəkildə ölkəsinə buraxmaq fikri yoxdur. Bu səbəbdən də İranda qalan qaçqın kütləsi daxili gərginliyi artıra bilər. Əfqanıstanda, ümumiyyətlə, xalqın qazancı aylıq iyirmi dollar civarındadır, yəni işçi qüvvəsi çox ucuzdur. Bu, həmin qaçqınların seçilib Türkiyəyə ucuz işçi qüvvəsi kimi buraxılmasına səbəb ola bilər. Ancaq fikrimcə, onların əksər hissəsi İranda qalacaq. İran daxilində mövcud olan gərginliyi də nəzərə alsaq, hesab edirəm ki, yeni prezidentin idarəçiliyi dövrü heç də rahat keçməyəcək. Təbii ki, İran dini lideri də bundan xəbərdardır. Məhz buna görə də vəzifəyə qəddar biri hesab olunan Rəisi kimi məmurun gətirilməsini  təmin edib. Görünən odur ki, onlar İranda vəziyyətin gərginləşəcəyini öncədən proqnoz ediblər və elə buna görə də belə bir addım atıblar". 

A.Qasımov qeyd edib ki, regionların xüsusiyyətindən asılı olaraq İran üçün geosiyasi vəziyyətə təsir imkanları formalaşacaq:

"İran Orta Asiya regionunda stabillik yaranmasında maraqlı olsa da, Cənubi Qafqazda eyni niyyətə sahib deyil. Səbəb isə odur ki, bölgədə vəziyyətin gərgin qalması İranın maraqlarına xidmət edir. Hesab etmək olar ki, İranın maraqları qeyd edilən regionlarda onun istəyinə uyğun getməyəcək. Bu da ölkədə daxili gərginliyin artmasına, həmçinin ölkədaxili dağıdıcı proseslər zəncirinin başlamasına təkan verə bilər".