Təhsil Nazirliyi müəllimlərin hədəfində


"Aqressiya bugünədək bu formada olmamışdı"

Artıq bir neçə müddətdir ki, Bakıda müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanla bağlı narazılıqlar səngimir. Baxmayaraq ki, ötən gün Təhsil Nazirliyi tərəfindən yenidən imtahanların keçirilməsi barədə qərar qəbul edilib. Bəziləri hesab edir ki, bu imtahanlarla bağlı artıq köklü dəyişikliklərin edilməsinin vaxtıdır. Qeyd edək ki, son imtahanlarda müəllimlərin əksəriyyəti nöqsanların olduğunu - kompüterlərin zəif işlədiyini, məntiq suallarının yanlış olduğunu, sualların proqrama uyğun olmadığını və  imtahan gedə-gedə sualların dəyişilməsindən şikayət ediblər.

Bununla belə, narazılıq yalnız son imtahanlarla bağlı deyil. Demək olar ki, əksər fənlərin imtahanı ilə bağlı suallardan namizədlər şikayətçidir. Belə narazılıqlar arasında Azərbaycan dili və ədəbiyyat müəllimləri də olub. Onların narazılıqları nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən avqustun 3-də təkrar imtahan keçirilib. İmtahanda 3055 namizəd iştirak edib.

Təhsil eksperti Elşən Ramizoğlu "Şərq"ə açıqlamasında məsələ ilə bağlı bir sıra mətləblərə aydınlıq gətirib.  O vurğulayıb ki, müəllimlərin işə qəbulu başlayandan suallarla bağlı haqlı narazılıq var:

"Azərbaycan dili və ədəbiyyat fənninin imtahanı zamanı isə namizədlər artıq pik həddə çatdı. Hətta bu narazılıq kəskin xarakter aldı. Narazılıqların bu miqyası MİQ tarixində ilk dəfə idi. Namizədlər sualların çətinlik səviyyəsi, proqrama uyğun olmamasından, vaxta uyğun sualların verilməməsindən şikayətlənirdilər. Namizədlər qeyd edir ki, əsərdən sual verilir və əsərin məzmunu, oxucuya çatdırılan məqamlar qıraqda qalıb əsərin qəhrəmanının koftasının rəngi soruşulur.

Narazılıqdan sonra cənab nazir məsələni nəzarətə götürdü. Və Azərbaycan dili fənnindən imthanların yenidən keçirilməsi qərara alındı. Yəni həqiqətən də bu məsələdə yüzlərlə namizədin haqqı tapdalanıb və suallar da çox biabırçı şəkildə olub. Təsəvvür edin, sualların təhlili ilə bağlı canlı yayım gedir. Müəllim əvvəlcədən sual ilə tanışdır, həllini bilir. Bununla belə bir sualın həlli üçün onun 7-8 dəqiqəsi gedir. Bir məsələni də qeyd edim.  Təhsil İşçilərinin Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva qeyd edir ki, suallar düşündürücüdür. O zaman sual yaranır. Düşünmək üçün nə lazımdır? Əlbəttə ki, zaman.

Burada insanlara zaman verilmir, sadəcə onlar düşünməyə vadar edilir.  Qeyd edim ki, Təhsil Nazirliyinə qarşı bu cür aqressiya bugünədək bu formada olmamışdı. Ümid edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq".