“ASAN xidmət” modeli genişlənməlidir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Vüqar Bayramov: "Növbəti mərhələdə sadəcə coğrafi deyil, səlahiyyət cəhətdən də genişlənmə vətəndaşlarımızın elektron xidmətlərdən daha səmərəli istifadəsinə imkan yaradacaq"

Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi. Eyni zamanda innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

Bəllidir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır. Məlum olduğu kimi dünən ölkə rəhbəri 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Agentliyin sədri Ülvi Mehdiyev dövlət başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verib. Bildirib ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir. O da vurğulanıb ki, hazırda fəaliyyət göstərən 20 “ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir. Dövlət başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verilib. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. Xüsusən, “#karabakhisazerbaijan” həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumatlar verilib. 

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində də çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin və yaralıların elektron xidmətlər vasitəsi ilə etdikləri 1152 müraciət üzrə 3,8 milyon manat kredit Fond tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb. Vahid məlumat bazasında Vətən müharibəsi zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı ətraflı məlumat yerləşdirilib.

Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov “Şərq”ə açıqlamasında bəyan edib ki, Azərbaycanda elektron xidmətlərin təklif olunması dövlət və qeyri-dövlət qurumlarının elektronlaşmasında xüsusi paya malikdir. Deputatın sözlərinə görə, ASAN xidmət bir sıra ölkələr, eləcə də beynəlxalq təşkilatlar tərəfindən model olaraq öyrənilir:

“Bəzi ölkələr artıq oxşar təcrübənin tətbiqinə başlayıblar. Sorğular göstərir ki, ASAN xidmət özünü tam doğruldub. Xüsusən, ASAN xidmətin təsis edildiyi ilkin dövrlə indini müqayisə etsək, çoxsaylı yeni xidmətlərin təklif olunmasını və fəaliyyət coğrafiyasının genişlənməsini müşahidə edərik. Texniki və maliyyə imkanları daxilində ASAN xidmətin mümkün qədər daha çox bölgələrdə fəaliyyət göstərməsinə nail olunması prioritetdir”.
 
Parlament üzvü vurğulayıb ki, ASAN xidmətlərin səlahiyyətlərini də genişləndirmək lazımdır:

“Bir sıra dövlət xidmətlərinin də ASAN xidmət vasitəsi ilə təklif olunması daha məqsədəuyğun olardı. Bu mərkəzlər korrupsiyaya qarşı mübarizədə və şəffaflığın gücləndirilməsində önəmli modeldir. Bu model cəmiyyət tərəfindən qəbul edilir. Rəsmi və qeyri-rəsmi sorğulardan görürük ki, ASAN xidmət praktiki olaraq şəffaf fəaliyyət göstərir. Şəffaflıq vətəndaş məmnunluğunun formalaşması baxımından çox vacibdir.

Düşünürəm ki, növbəti mərhələdə sadəcə coğrafi deyil, səlahiyyət cəhətdən də genişlənmə vətəndaşlarımızın elektron xidmətlərdən daha səmərəli istifadəsinə imkan yaradacaq”.