Çağırış: “İnternet ən təhlükəli məkandır” – Uşaqlara nəzarət...!

“Orada hər şey mümkündür”

“Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də yeniyetmə və gənclərimizin neqativ vərdişlərdən uzaq qalmasında fəal olmalıdır”


Son vaxtlar ölkəmizdə “Patı” adlanan narkotik maddədən istifadə kütləviləşib. Təəssüf ki, onlarca yeniyetmə və gənc bu psixotropun qurbanına çevrilir. Əvvəlcə “dadnı baxım” deyir, sonra həyatla vidalaşırlar.

 “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova sözügedən məsələ barədə “Sherg.az”a danışdı. Onun fikrincə, bu işdə valideynlərin də üzərinə məsuliyyət düşür:

“Ana-atalar övladları üzərində nəzarət mexanizmi yaratmalıdırlar. Uşaqlarla ünsiyyət daha sıx olmalıdır. Valideynlər onların kimlə oturub-durduqlarına nəzarət etməlidirlər. Amma həddindən artıq nəzarətin əks-effekt verə biləcəyi də nəzərə alınmalıdır. Uşaqlar bunu adətən azadlıqlarının məhdudlaşdırılması kimi başa düşürlər. Ona görə də ünsiyyət elə qurulmalıdır ki, uşaqlar özü hər şeyi böyükləri ilə danışsınlar, bölüşsünlər. Yeniyetmə və gənclərin asudə vaxtları səmərəli keçirilməli, bunun üçün xüsusi mərkəzlər yaradılmalıdır. İkinci bir tərəfdən, övladın evdən çölə çıxmaması hələ təhlükədən sığortalanmaq demək deyil. Çünki internet ən təhlükəli məkandır. Orada hər şey mümkündür. Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də yeniyetmə və gənclərimizin neqativ vərdişlərdən uzaq qalmasında fəal olmalıdır”.