“Aİ-98” super markalı benzin niyə bahalaşdı? – Real səbəblər sadalandı

“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.  “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumatı təsdiqləyib. O, bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub: “Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.  “Aİ-98” super markalı benzinin qiyməti daha əvvəl 15 qəpik artaraq 1 manat 55 qəpiyə satılırdı.  


İqtisadçı-alim Nazim Bəydəmirli benzinin qiymətinin bahalaşmasına dair fikirlərini “Sherg.az”la bölüşdü:

“Azərbaycan nefti Ruminiya neftayırma zavodundan idxal edir. Dünya bazarında neftin qiyməti bahalaşanda, təbii ki, biz də baha almışdıq. Amma “Daxili bazardakı qiymətlərin dünya bazarından asılı olması” fikri qüsurludur. Elə isə neftin qiyməti ucuzlaşanda Azərbaycanda niyə dəyişiklik olmadı?! Bu, “SOCAR”-ın təbii inhisarçı, yeganə monopolist olmağı ilə bağlıdır. Xüsusilə, idarəetmə xərcləri şişirdilir. Bu isə o deməkdir ki, Azərbaycanda bazar iqtisadiyyatının “b” hərfi də yoxdur”.

N.Bəydəmirli, həmçinin ciddi iddialar səsləndirdi:

“SOCAR nə daxili bazarın, nə də dünya bazarının trendini tutur. Hesablama Palatasının SOCAR-ın dövlətə nə qədər borclu olması ilə bağlı açıqlamasını ictimaiyyət hələ unutmayıb. İnsanların sözügedən qurumdan narazılığı təsadüfi deyil. SOCAR-da ciddi pozuntular var. Odur ki, məsuliyyətli şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Vəzifələrindən kənarlaşdırılmaları kifayət deyil. Onlar haqqında cinayət işi başladılmalıdır”.