Ayıq-sayıq olun! - “Meşədə açıq oddan istifadə yolverilməzdir” 

“Yanğınların daha çox yay aylarında baş verməsi birbaşa insan faktoru ilə bağlıdır”

“Bəziləri bilərəkdən yanğın çıxarmaq, yəni təxribat məqsədilə münbit şərait gözləyirlər”

“Bu nöqteyi-nəzərdən, hansısa boşluq yaradılmamalı, bütün təhlükəsizlik tədbirləri görülməlidir”  



Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın dağlıq-meşəlik ərazidə qeydə alınıb. Yanğın söndürülüb.

 Son vaxtlar oxşar hallar təkrarlanmaqdadır. Bu isə vətəndaşların daha məsuliyyətli olmasını tələb edir.



 Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev yanğın təhlükəsizliyinin əsas şərtlərini “Sherg.az”a sadaladı:

“Yanğın baş verməsi üçün yanan maddə, istilik və atmosfer olmalıdır. Deməli, bunlar varsa, təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir. Meşədə açıq oddan istifadə yolverilməzdir. Əgər zərurət yaranıbsa, onun tam söndüyündən əmin olmalıyıq. Belə ki, bəzən siqaret kötüyü də genişmiqyaslı yanğına səbəb ola bilər.

Ərazini məişət tullantıları ilə zibilləmək doğru deyil. İkinci bir tərəfdən, yerləşdiyi coğrafi mövqeyə uyğun olaraq hər bir ərazinin təhlükəsizlik konsepsiyası hazırlanmalıdır.

Başqa sözlə desək, mütləq ərazinin potensial təhlükə riski qiymətləndirilməlidir. Ətrafdakı hər kəs, o cümlədən sakinlər, xidmət işçiləri bu konspesiya ilə tanış olmalıdırlar. Onlar üçün ildə bir dəfə xüsusi təlimlər keçirilməlidir. Həmçinin turistlər də əvvəlcədən məlumatlandırılmalıdırlar. Bu, yanğından minimum zərərlə çıxmağa kömək edəcək”.

E.Nurəliyevin sözlərinə görə, insanlar ayıq-sayıq olsalar, belə faciələrin sayı xeyli azalar: 

“Yanğınların daha çox yay aylarında baş verməsi birbaşa insan faktoru ilə bağlıdır. Çünki vətəndaşlar yayda istirahət edirlər. Onu da nəzərə almaq lazımdır ki, bəziləri bilərəkdən yanğın çıxarmaq, yəni təxribat məqsədilə münbit şərait gözləyirlər. Bu nöqteyi-nəzərdən, hansısa boşluq yaradılmamalı, bütün təhlükəsizlik tədbirləri görülməlidir”.