Müdafiə Nazirliyində İctimai şura yaradılsın! – Təklif gözəldir, amma...

Ədalət Verdiyev:”Elə qurumlar var ki, oradakı ictimai şura faktiki olaraq effektsizdir”

“Məsələn, “Azərsu” buna misaldır”

“Müdafiə Nazirliyində yaradılacaq ictimai şura da belə fəaliyyət göstərəcəksə, boş yerə vaxt ayırılmasın”


“Müdafiə Nazirliyində yeniliklər barədə məlumatlar hələ ki, yeni təyinatlarla təzahür edir. Bu tayinatların Silahlı Qüvvələrimiz üçün faydalı olacağına ümid edirik. Bu halda Müdafiə Nazirliyi yanında da İctimai Şura niyə olmasın? Əminəm ki, bu faydalı olar”.- Bu sözləri hərbi jurnalist Asəf Quliyev deyib.


 
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında səslənən təklifə münasibət bildirdi:

“İctimai şuraların yaradılması dünyada qəbul olunmuş praktikadır. Bu, bir çox dövlət orqanlarının fəaliyyətinin düzgün istiqamətdə inkişafına kömək edir. Odur ki, mən bir vətəndaş kimi istənilən dövlət qurumunda ictimai şuranın yaradılmasının tərəfdarıyam. Lakin elə qurumlar var ki, oradakı ictimai şura faktiki olaraq effektsizdir. Məsələn, “Azərsu” buna misaldır. Əgər Müdafiə Nazirliyində yaradılacaq ictimai şura da belə fəaliyyət göstərəcəksə, boş yerə vaxt ayırılmasın. Yox, həqiqətən, faydalı olacaqsa, yaradılsın”.