Firudin Şuşinskinin xatirəsinə




Xalqımız özünün mədəniyyəti və incəsənəti ilə haqlı olaraq fəxr etməyə layiqdir. Dünyanın musiqi xəzinəsinin zənginləşməsində və onun inkişafında ifaçılarımızın rolu danılmazdır. XIX əsrin ikinci yarısından sürətlə inkişaf etməyə başlamış mədəniyyətimizin mahir sənətkarları muğamlarımızı təkmilləşdirməklə yanaşı, yeni-yeni təsnif və mahnılar da yaradıblar. Qədirbilən xalq illərdən bəri xanəndə və sazəndələrini, el aşıqlarını məhəbbətlə sevib, onlara böyük ehtiram bəsləyib.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan muğamlarının ustad sənətkarları, məlahətli səsə malik ifaçıları olsa da, hazırkı nəsil dinləyiciləri onları şəxsən görməyib, ifa etdikləri ecazkar muğamları dinləməyib və onlardan dərin zövq almayıblar. Ustad sənətkarların ifalarını eşitməməyimizin və onların sənətini dərindən bilməməyimizin nəticəsidir ki, televiziyaların ekranlarında yalnız bayağı, mahnıların şahidi oluruq. Verilişə gələn üzdəniraq "ifaçılar” (onlara ifaçı demək caizsə) nəinki klassik muğam ifaçılarını, hətta məşhur sənətkarlarımızı belə tanımırlar. Televiziyanın yaradıcı kollektivi klassik muğam ustadları haqqında veriliş hazırlamaq əvəzinə, öz mənfəətləri hesabına "əndərəbadi verilişlər” verməyi üstün tuturlar. Çəkinmədən qeyd etmək istərdim ki, görkəmli sənətşünas-alim, bənzərsiz musiqi tədqiqatçısı Firudin Şuşinskidən sonra klassik muğam ifaçıları haqqında vaxtaşırı verilişlər hazırlanmır. Bu da təbiidir. Axı gərək həm musiqi savadı, həm də səriştən olsun ki, bu addımı ata biləsən.

Bəs Firudin Şuşinski kimdir? Təəssüf ki, gənc nəslin nümayəndələrindən bir çoxu bu imzanın müəllifini tanımır. Ona görə də onun həyat və yaradıcılığına kiçik nəzər salmaq elə bilirəm ki, gənc oxucu və sənətşünaslar üçün də maraqlı olar.

Firudin Məhəmməd oğlu Şuşinski 1925-ci ildə Azərbaycanın gözəl guşələrindən olan, Qarabağın tacı sayı¬lan Şuşa şəhərində anadan olub.

Oğlunda musiqiyə hədsiz sevgi görən Məhəmməd kişi 1931-ci ildə Firudini Şuşa musiqi məktəbində təhsil almağa qoyur. Üç il burada təhsil alandan sonra yüksək musiqi istedadına baxmayaraq orta məktəbi əla qiymətlərlə bitirib, sənədlərini Azərbaycan Dövlət Darülfünün (Uni-versitet) tarix fakültəsinə verir. Hələ univer¬sitetin II kurs tələbəsi olan Firudin bəy SSRİ Ali məktəb və elmi müəssisə işçiləri ittifaqının Azərbaycan Respublika komi¬təsi, Bakı şəhəri ali məktəb tələbələrinin II ümumşəhər elmi konfransında iştirak edir. Həmin konfransda Azər¬baycan EA-nın akademikləri, professorları da iştirak edirdilər. Konfrans qarşısında tələbələr bölmə rəhbər¬lərinin nəzarəti altında arxiv materiallarından, bədii ədəbiyyatdan və müxtəlif elmi məcmuələrdən istifadə edərək seçilən mövzular ətrafında mükəmməl məruzələr hazırlamışdılar.

Konfransda 78 məruzə oxunur. Həmin məruzələr içərisində yalnız gənc Firudinin "Vaqif bir dövlət xadimi kimi" möv¬zusu I mükafata layiq görülür.
Bu məqalə sonralar müəllifin ilk mətbu əsəri olur.

Tələbəlik illərindən Firudin bəy öz fenomen yad¬daşını ictimai elmləri dərindən mənimsəməsinə sərf edir¬di. O hələ birinci kursdan tarix, fəlsəfə, ədəbiyyat fənlərinin dərindən mənimsənilməsinə (xü¬susilə klassik və aşıq ədəbiyyatını), "incəsənətin son sözü" (H.Heyne) olan muğamların yaranması, onun ifaçıları haqqında maraqlı məlumatlar toplanmasına sərf edirdi. O, ölkəmizin şəhərlərini, obalarını qarış-qarış gəzib, unudulmuş mu¬ğam ifaçıları haqqında qələmə alacağı yazılarına yeni-yeni materiallar toplayırdı.

Üzdəniraq qonşu xalqın davamlı cəhdlərini əngəl¬ləmək, onların qarşısına sədd çəkmək, musiqimizi yad əllərə verməmək üçün 40 illik yaradıcılığını Azər¬baycan musiqi mədəniyyəti tarixinin dərindən tədqiqinə və təbliğinə sərf etmiş Firudin Şuşinski ömrünün sonuna qədər buna sadiq qalmışdı. O, Azərbaycan musiqi tarixini araşdırıb tədqiq etməklə yeni bir era yaratdı. Dahi bəstəkar Fikrət Əmirov yazırdı: "Təsadüfi deyil ki, onu musiqi mədəniyyətimizin tarixini öyrənən ilk tədqiqatçı adlandırırlar. Çünki Firudin bəy Şuşinskiyə qə¬dər bu sahədə heç kəs xüsusi tədqiqat aparma¬mışdı".

F.Şuşinski həyatında bir çox ilklərə imza atanlardan olan tədqiqatçıdır. O, ilk dəfə olaraq Azərbaycan radio dalğalarında, televiziya ekranında xalqımıza məlum olmayan klassik muğam ifaçıları haqqında verilişlər hazırlayırdı. F.Şuşinskinin müəllifi və aparıcısı olduğu verilişlərdəki çıxışlarında ustad sənətkarlarımızın qrammofon vallarına yazılmış ifaları və həyatları haqqında maraqlı hadisələrlə tanış oluruq. 

Təsadüfi düyil ki, Firudin bəy həmçinin vaxtaşırı az tanınan ifaçıları verilişə dəvət edər, onlara geniş yer verər və yaradıcılıqları haqqında fikirlərini söylərdi. Həmin ifaçılar bu verilişlərdən sonra xalq arasında daha da populyarlaşardılar. Təsadüfi deyil ki, Azərbaycanın xalq artisti, mərhum kamança ustası Habil Əliyevi radio dalğalarına dəvət edən, onun haqqında ilk dəfə məqalə yazan məhz F.Şuşinski olmuşdu. F.Şuşinski gənc istedadların qayğısına qalar, onların inkişafında mühüm rol oynayardı. Onun ən çox sevdiyi, gələcəyinə inandığı Azərbaycanın Xalq artisti, xalqımızın sevimli sənətkarı, muğamlarımızı öz bənzərsiz ifası ilə dünyanın hər yerində tanıtdıran Alim Qasımov olub. İlk dəfə Cabbar Qaryağdıoğluna həsr olunmuş müsabiqədə Alim Qasımova münsiflər heyətinin bir neçə üzvü birinci yeri vermək istəmirdi. Yalnız Firudin müəllimin təkidli müdaxiləsindən sonra müsabiqənin qalibi Alim Qasımov oldu. Tarix göstərdi ki, F.Şuşinski düzgün seçim edib. Alim haqqında söhbət düşəndə deyirdi ki, o, böyük istedad sahibidir, gələcəkdə Azərbaycanın adını yüksəklərə qaldıracağına əminəm. F.Şuşinski Alim Qasımovun oxumağı ilə bərabər, qaval vurmağına da yüksək qiymət verirdi.
Azərbaycan radiosunun musiqi verilişləri redaksiyasının təşəbbüsü ilə F.Şuşinskinin hazırladığı "Muğam konserti” rubrikası ilə verilən verilişləri yenilik adlandıran Azərbaycanın xalq artisti, bəstəkar Tofiq Quliyev qeyd edirdi ki, artıq bununla da "muğam xalturaçılarının fəaliyyəti”nə son qoyuldu. 

O, sevinc hissini gizlətməyərək bildirirdi ki, indi biz həmin bu verilişdə, konsertlərdə klassik irslə və onun gözəl ifaçıları olmuş məşhur sənətkarlarımızın yaradıcılıqları ilə tanış oluruq.

Həmin dövrdə F.Şuşinski sinəsini irəli verib "muğam xalturaçılarla” açıq-aydın döyüşür və bunun nəticəsində də özünə kifayət qədər düşmən qazanırdı. İndi kimdir bu "musiqi xalturaçılar”la döyüşməyə cürət edən? Təbii ki, heç kimin bu cür döyüşə girməyə cürəti çatmaz.

F.Şuşinski daha bir ilkə imza atır. İllərlə qəlbində gəzdirdiyi ilk dəfə Şuşa haqqında yazılmış əsərini 1962-ci ildə nəşr etdirir. Azərbaycan ədəbiyyatı tarixində mühüm bir hadisəyə çevrilən "Şuşa” kitabı rus dilinə tərcümə edilənə qədər oxucular, tarixçilər tərəfindən təqdir olunur, əsərə yüksək qiymət verilmişdi. Bu tarixi əsər artıq əl-əl gəzməyə başlamışdı.

"Şuşa” 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra A.İ.Mikoyan başda olmaqla Moskvada vəzifədə oturan bir qrup ermənilər əsərə görə respublikanın rəhbərliyindən F.Şuşinskinin cəzalandırılması üçün ciddi tədbirlər görülməsini tələb edirlər. Səbəb isə Azərbaycan xalqının qatı düşmənləri, daşnak partiyasının köpəklərindən olan general Andronik, Dro, Nejde, Tevan və başqalarına qarşı F.Şuşinskinin sərt və barışmaz mövqeyi idi. Bununla da kitab böyük hay-küyə səbəb olur.

Əsərin rus dilinə nəşr olunması nəticəsində Firudin bəyə qarşı bir "səlib yürüşü” təşkil olunmuşdu. Tədqiqatçı-alim doğulduğu torpağın üzünə həsrət qalır. Hər il buraya dincəlməyə gələn Firudin bəyin doğma elinin qapıları üzünə bağlanır. Dəfələrlə tədqiqatçıya sui-qəsdlər olunurdu. Evinin pəncərələrini sındırırdılar. Ermənistanın bütün qəzetləri Firudin bəyə qarşı sərt hücuma keçmişdilər, onu erməni xalqının mənfur düşməni kimi qələmə verirdilər.

Təsadüfi deyil ki, vətənində azərbaycanlı "ermənibaşlar” da Firudin bəyi "burjua-millətçi”, "xalqlar dostluğunun düşməni” kimin qələmə verirdilər.

Müəllifin bu əsəri türk xalqlarının qatı düşməni Andronikin İrəvanda heykəlini qoymağa hazırlaşanlara qarşı bir etiraz səsi idi. Özümüzünkülər F.Şuşinskiyə "xalq düşməni” adı verərək məsələni Mərkəzi Komitənin plenumuna çıxarmağa da müvəffəq olurlar. Plenuma qoyulan məsələdə göstərilir ki, Firudin Şuşinski Androniki ifşa etməklə, guya, millətlərarası ədavəti qızışdırır və ona görə də "Şuşa” kitabının bütün tirajının məhv edilməsi üçün qərar hazırlanır.
Bu haqsız hücumlara baxmayaraq F.Şuşinski araşdırmalar aparır, yeni-yeni muğam ifaçıları haqqında sənədlər əldə edirdi. Bu araşdırmaların nəticəsi olaraq, Firudin bəy Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, "Şərq musiqisinin peyğəmbəri”, opera səhnəmizin ilk aktyoru Cabbar Qaryağdıoğlu haqqında yazdığı əsərini bitirir.

Tədqiqatçı-alim bir-birinin ardınca "Seyid Şuşinski”, "Xan Şuşinski” əsərlərini yazıb bitirdikdən sonra Azərbaycan musiqi tarixində hadisəyə çevriləcək "Azərbaycan xalq musiqiçiləri” (redaktoru Teymur Əhmədov) adlı monumental kitabını nəşr etdirir.

Əsər nəşr olunandan bir müddət sonra respublikanın müxtəlif sənət və peşə sahibləri bu qiymətli kitab haqqında öz ürək sözlərini oxucularla bölüşürdülər. Kitabla tanış olan professor Əkrəm Cəfər yazırdı:
"Firudin Şuşinski öz məsləki yolunda candan keçən igiddir. Onun bu səliqəli kitabı dahi Üzeyir bəyin "Azərbaycan musiqisinin əsasları” kitabı ilə yanaşı qoyulmağa bərabərdir”.
Oxucular tərəfindən tədqiqatçıya gələn məktublarda aşağıdakı sətirlərə də rast gəlinir: "Bu kitab adi kitab deyil. Burda oxuculara təqdim olunanlar Azərbaycan muğamının musiqi fədailəri, daha dəqiq desək, peyğəmbərləridirlər. İtib-batmış, çoxdan, hətta öz övladları tərəfindən unudulmuş böyük şəxsiyyətlər vətənə qaytarılıb”.

Azərbaycan xalqının qəhrəman oğlu, akademik Ziya Bünyadov bu əsəri "böyük bir akademiyanın tədqiqat işi” adlandırmışdı. Firudin bəyin bu əsəri haqqında fikir söyləyən nəinki musiqişünaslardan, adi oxuculardan gələn məktublara müraciət etsək, böyük bir kitab alınar.
F.Şuşinski ömrünün sonuna yaxın "Musiqişünasın düşüncələri” adlı monumental bir əsərini bitirib 1995-ci ildə 16500 tirajla nəşr etdirir. Lakin "sən saydığını say, gör fələk nə sayır”.

Kitab F.Şuşinskinin ölümünə bais olur. Əsər hələ işıqüzü görməmiş, mətbəədə çap olunan ərəfədə bir sıra "xalq artistlər”i F.Şuşinskini ixtiyar çağında məhkəməyə verirlər. İddia ərizəsində göstərilir ki, guya, F.Şuşinski kitabda onların şərəf və ləyaqətinə toxunan sözlər işlədib. İddiaçılar bəzən məqsəddən kənara çıxıb, 40 ilə yaxın Azərbaycan musiqi sənətinin əvəzsiz tədqiqatçısı olan F.Şuşinskini "ictimai faydalı əməklə məşğul olmayan, özü-özünə musiqişünas, musiqi tədqiqatçısı adını verən ideoloji təxribatçı, mənəvi terrorçu” kimi məhkəməyə təqdim edirlər.

Sual olunur: 200 illik bir dövrü əhatə edən Azərbaycan musiqisi və onun görkəmli nümayəndələri haqqında yazdığı "Azərbaycan xalq musiqiçiləri”, sovet dövründə uzun müddət təqiblərə məruz qalmış "Şuşa”, xalqımızın musiqi tarixinin nadir incilərindən olan "Cabbar Qaryağdıoğlu”, "Seyid Şuşinski”, "Xan Şuşinski”, "Sadıqcan” və neçə-neçə kitabın, 50-dən çox sənətkarı xalqımıza tanıtdıran, radio və televiziya verilişlərinin müəllifinə "ictimai-faydalı əməklə məşğul olmayan, özü-özünə musiqişünas, musiqi tədqiqatçısı adını verən ideoloji təxribatçı, mənəvi terrorçu” damğası vurmaq nə qədər insafdandır?
Muğam ifaçılarının arayıb-araşdırılmasında yorulmadan çalışan, heç kəsdən maddi kömək gözləmədən ömrünü keçmiş MDB ölkələrinin arxivlərində, kitabxanalarında keçirən, hər bir yeni tapıntıya görə uşaq kimi sevinən görkəmli tədqiqatçı-alim, Əməkdar incəsənət xadimi Firudin Şuşinskinin musiqi mədəniyyətimizə verdiyi töhfə heç nə ilə müqayisəyə gəlməzdir. Biz onun zəhmətinin bəhrəsini radio dalğalarında, televiziya ekranlarında mütəmadi çıxışlarında, vaxtaşarı mətbuat səhifələrində dərc etdirdiyi məqalələrində, qalın-qalın kitablarında görür və bununla da klassik ifaçılarımız haqqında müəyyən biliyə sahib oluruq.

Heç kəsə gizli deyil ki, XIX-XX əsr muğam ifaçılarımız haqqında hər hansı biliyə malik olmaq istəyən yalnız Firudin Şuşinskinin qələmə aldığı əsərlərindən bəhrələnə bilir. Respublikamızın Prezidenti İlham Əliyev cənabları tərəfindən hər hansı bir muğam ifaçısı haqqında sərəncam verilirsə, onun həyata keçirilməsi üçün ilk növbədə F.Şuşinskinin əsərlərinə müraciət olunur. Hər hansı bir klassik muğam ifaçısı haqqında məqalə, monaqrafiya yazılırsa, verilişlər təşkil edilirsə, Firudin bəyin qələminə müraciət olunmaması mümkün deyil. Bəzən məqalə hazırlayan şəxs qısqanclıqdan müraciət etmək istəməsələr belə, yenə də dolayı yolla görkəmli musiqişünasın fikirləri həmin yazıda öz əksini tapır. Lakin musiqi ensiklopediyası haqqında kitab nəşr ediləndə Firudin Şuşinskinin adı tez unudulur. Bunu danmaq olmaz. Bu, həqiqətən belədir.

Həmin "xalq sənətkarlar”nın haqsız iddialarının nəticəsi idi ki, uzun müddət tədqiqatçı-alimin nəinki əsərləri nəşr olunmurdu, hətta Firudin bəyin adını çəkmək belə yasaq edilmişdi. Yalnız həmin qadağadan 20 il sonra – 2015-ci ildə təvazökarlıqdan uzaq olsa da, bu sətirlərin müəllifinin tərtibatı və kitaba yazdığı "Zəhmətkeş tədqiqatçı” adlı yazısı ilə F.Şuşinskinin şəxsi arxivində saxlanılan sənədlər əsasında "Azərbaycanın musiqi xəzinəsi” adlı ensiklopedik əsəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qayğısı nəticəsində ilk dəfə əhatəli şəkildə nəşr edildi. Kitaba sənətşünasın, həmçinin vaxtilə nəşr etdirdiyi və işıq üzü görməyən yazıları da daxil edilmişdi.

Respublikanın paytaxtında "Muğam evi”nin açılması Firudin Şuşinskinin ən böyük arzusu olmuşdu. 1985-ci ildə o, bu barədə yazırdı: "Çox acınacaqlı haldır ki, istər tarın, istərsə də başqa alətlərin aqibəti nə Mədəniyyət Nazirliyini, nə Bəstəkarlar İttifaqını, nə də Yazıçılar İttifaqını narahat edir. Görəsən, bu vəziyyətlə biz hara gedirik?! Görəsən, bizim milli alətlərin aqibəti nə ilə qurtaracaq?! Onu da yaddan çıxarmaq olmaz ki, milli alətlərin sıradan çıxması istər-istəməz muğamatın tənəzzülə uğramasına şərait yaradır. Bu isə sadəcə olaraq öz millətini, onun musiqi mədəniyyətini inkar edib tapdalamaqdır. Belə gedərsə, biz nəinki klassik muğamlarımızı, oyun havalarımızı, el nəğmələrimizi, hətta özümüzü belə itirə bilərik...

İfaçılıq sənətindəki xoşagəlməz "mənzərələrin” yaranmasının bir səbəbi də odur ki, bizdə elə bir klub, məclis, yığıncaq yeri yoxdur ki, işdən sonra ora yığışıb poeziyadan, musiqidən, ifaçılıq sənətinin bir çox problemlərindən bəhs edəsən, oxuyub-çalana qulaq asıb fikir mübadiləsi aparasan. Yaxın vaxtlarda "Muğam sarayı”, "Muğam evi”, "Muğam klubu” və s. musiqi ocaqlarının yaranması haqqında söz-söhbət gedir, lakin nədənsə, hələlik sanballı bir şey yoxdur. Şübhəsiz ki, əgər şəhərdə "Muğam sarayı” yaradılarsa, bu, milli musiqimiz üçün böyük fayda verərdi”.

Bəli, həmin gün gəldi. 2005-ci ildə respublikanın vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə muğam ustalarından ibarət "dəyirmi masa" keçirilir. Burada, respublikamızın paytaxtında Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınır.
2006-cı ilin aprel ayının 6-da Prezident İlham Əliyev cənabları Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalayır. Tez bir zamanda Bakıda Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilir.

2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı birinci vitse-prezident Mehriban xanım Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını edirlər.

Hələ keçən əsrin axırlarında heç kimə gizli deyil ki, qədim musiqi alətlərinə, muğamlarımıza qarşı düşünülmüş şəkildə ögey münasibət yaranmışdı. O zaman nə tanınmış muğam ifaçıları, nə muğamsevərlər, nə də ümumilikdə xalq bu özbaşınalığa bir reaksiya vermirdilər. Son anda bu qədim muğamlarımızın qorunmasına dayaq duran tapıldı. Bununla da xalq öz qədim mirasına sahib durdu. Bu qədim xəzinənin yaşamasında nəinki muğam ustaları, bütün xalq Mehriban xanım Əliyevaya minnətdar olmalıdır.

Maraqlıdır ki, bu təşəbbüsdən sonra muğam ifaçıları "fəallaşmağa” başladılar. Müxtəlif hökumət mükafatlarına sahib oldular. Onlar hər bir musiqi yarışlarında, yığıncaqlarında öndə getdilər. Bununla da onlar muğamın təəssübkeşləri olduqlarını sübut etməyə çalışırdılar. Lakin xalqın gözü tərəzidir.

Aslan Kənan