Sarkisyanı ordu və generallar istefaya məcbur edib

Paşinyanın arxasında çox güclü qüvvələr olub


Ermənistan baş naziri Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyəti ələ keçirməsindən bir il ötəndən sonra parlamentin hazırkı spikeri və Paşinyanın silahdaşı Ararat Mirzoyan sosial şəbəkədə maraqlı detalları açıqlayıb. Mirzoyan bildirib ki, Ermənistan prezidenti və sonrakı baş naziri Serj Sarkisyan həbs etdirdiyi Nikol Paşinyanın yanına danışıqlar üçün dəfələrlə keçmiş baş nazirin müavini Karen Karapetyanı göndərib. 

Sarkisyan Nikol Paşinyandan bir az gözləməyi xahiş edərək, payızda mütləq istefa verəcəyini deyib. Ancaq Paşinyan bu təklifi rədd edib və Sarkisyanın dərhal istefasını istəyib. Daha sonra Karapetyan yenidən Paşinyanın kamerasına gələrək Sarkisyanın yaxın günlərdə istefa verəcəyini söyləyib. Paşinyan bununla da razılaşmayıb. Çarəsiz qalan Sarkisyan Paşinyanın "dərhal istefa versin” tələbini icra etmək məcburiyyətində qalıb. Beləliklə, Serj Sarkisyan 2018-ci ilin 23 aprel tarixində istefa verib.

Mirzoyanın bir ildən sonra açıqladığı məqamı "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, burada əhəmiyyətli olan fakt Sarkisyanın həbsdə saxladığı Paşinyan qarşısında əyilməsi və istefa sözü verməsidir: 

"Sarkisyanı hansı güc istefaya məcbur edə bilərdi? Xalqın etirazı ilə Sarkisyanın istefaya gedəcəyi inandırıcı deyildi. Çünki Sarkisyan o şəxsdir ki, 2008-ci ildə xalqı gülləbaran etmək hesabına prezident kürsüsünə əyləşib. 

Fikrimcə, yalnız iki güc Sarkisyanı istefaya məcbur edə bilərdi. Birincisi, Kreml, ikincisi isə ordu generalları. Çox güman ki, sabiq prezidenti fakt qarşısında qoyublar. Şəxsən mən ikinci ehtimalın üzərində dayanıram. Lakin bir məqamı da unutmayaq ki, erməni generallarının özü birbaşa Kremlə bağlıdırlar”.

İsmayıl