Şəhid anasının evinin təmiri niyə yarımçıq qaldı? - ARAŞDIRMA




Ağsu rayonunun Qaraqaşlı kənd sakini, şəhid anası Adilə Səlimovanın bərbad vəziyyətdə olan evinin təmiri üçün görülən işlər yarımçıq qalıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, şəhid İlqar Səlimovun anası Adilə Səlimova yaşadığı evin təmiri üçün iki il öncə rayon rəhbərliyindən kömək istəyib.


Vəsait ayrılıb, evin dam örtüyü, pəncərələri dəyişdirilib, evin divarlarında bərpa işləri görülüb, lakin bir ildən çoxdur ki, evin otaqları, sanitar qovşağı, mətbəxində heç bir təmir işi görülməyib. Lazım olan tikinti materialları alınmadığı üçün ustalar işi yarımçıq qoyaraq gediblər.

Şəhidin qardaşı Yadigar Səlimov 90 yaşlı anası və ailəsi ilə birgə bu şəraitsiz evdə yaşayır. O, evdə təmir-bərpa işləri üçün Nadir Səfərov adlı iş icraçısına 13 min manat pul verildiyini, lakin həmin pulla evdə təmir işlərinin tamamlanmadığını bildirib: "Aidiyyəti qurumlara müraciət etmişik, hələ köməklik edən yoxdur”.

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin əməkdaşı Rəvan Feyzullayev ONA-nın yerli bürosuna müsahibəsində bildirib ki, bir neçə il əvvəl dövlət tərəfindən şəhid İlqar Səlimovun ailəsinə yeni mənzil verilib. Şəhid anası Adilə Səlimova hazırda gəlini və nəvəsi ilə həmin evdə yaşamır. O, başqa oğlu Yadigar Səlimovun evində yaşayır və həmin mənzilin də təmirinin başa çatdırılmasını istəyir. Rayon rəhbərliyinin köməyi ilə yaxın vaxtlarda şəhid anasının yaşadığı evdə təmir işləri davam etdiriləcək. Bunun üçün aidiyyəti qurumlara tapşırıq verilib.