Rusiya və İran Ermənistana təzyiq göstərəcəkmi ? - AKTUAL

"Azərbaycan tərəfi sammitdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasını, İranın və Rusiyanın torpaqlarımızın işğaldan azad edilməsi edilməsi üçün Ermənistana təsir göstərmələrini istəyər"
“Lakin inanmıram ki, İran və Rusiya prezidentləri bu istiqamətdə hansısa təsirli bəyanat versinlər”


Avqust ayında Rusiyada Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli sammiti keçiriləcək. Bu barədə Rusiya prezidenti Vladimir Putin məlumat verib.

Keçiriləcək sammitlə bağlı "Sherg.az”a danışan politoloq Sədrəddin Soltan görüşün əsas istiqamətinin üçtərəfli regional əməkdaşlıq olduğunu bildirib.

Politoloq daha çox iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılacağını düşünür:

"Şübhəsiz ki, Azərbaycan tərəfi sammitdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasını, İranın və Rusiyanın torpaqlarımızın işğaldan azad edilməsi edilməsi üçün Ermənistana təsir göstərmələrini istəyər. Lakin inanmıram ki, İran və Rusiya prezidentləri bu istiqamətdə hansısa təsirli bəyanat versinlər. Düşünmürəm ki, üçtərəfli görüş Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə müsbət təsir göstərsin.

Əvvəllər Ermənistan tərəfi belə görüş keçiriləndə qısqanclıqla yanaşmışdı ki, niyə Rusiya, İran və Ermənistan regional əməkdaşlıq görüşü keçirilmir? Sonralar İran prezidenti ilə görüşlər oldu və Ermənistanın prezideni İrana səfər etdi.

Ermənistanla üçtərəfli görüşün keçirilməməsinə səbəb Rusiya ilə Ermənistan arasında birbaşa heç bir əlaqənin olmamasıdır. Ermənistan İrana yaxın olsa da, Rusiyaya uzaqdır. Lakin Azərbaycanın hər iki dövlətlə normal münasibətləri var”.

Politoloqun sözlərinə görə, Rusiya və İran ABŞ-ın sanksiyalarına məruz qalan dövlətdir:

"Azərbaycan isə bu iki ölkə arasında əlaqələr saxlaya biləcək yeganə tranzit ölkədir. Rusiya ilə İran arasındakı iqtisadi əməkdaşlıq üçüncü dövlət olaraq Azərbaycan ərazisindən daha asan həyata keçirilə bilər. Ola bilsin ki, görüşdə Cənub Dəhlizi layihəsinin də həyata keçməsi ilə bağlı ciddi siqnallar verilsin”.

Yeganə Bayramova