Jurnalistika fakültəsində “Əhməd bəy Ağaoğlu dərsi” - Tələbələr sevə-sevə dinlədi





 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində maraqlı bir ənənə yaranıb. Son vaxtlar burada müntəzəm və ardıcıl şəkildə klassik Azərbaycan maarifçi publisistlərinin yubileyləri münasibətilə xüsusi dərslər keçirilir. Bu dərslər fakültə rəhbərliyi, kafedralar və xüsusilə fakültə Elmi Metodik Şurasının təşəbbüsü ilə formalaşıb. 



Hər şey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı, publisisti və dramaturqu Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında Sərəncamından başladı. Bir neçə gün bundan əvvəl fakültədə ayrıca olaraq – bütün kursların tələbələrinin, müəllimlərin və BDU Elmi-Metodiki Şura rəhbərliyinin iştirakı ilə "Cəlil Məmmədquluzadə dərsləri” keçirildi. Dərsi tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti Qərənfil Xəlilova apardı. Yüksək səviyyədə, ciddi maarifçilik kontekstində baş tutan belə dərslər tezliklə ənənəyə çevrildi. Aprelin 22-də belə bir dərs Azərbaycanın görkəmli ictimai xadimi, Cümhuriyyət qurucularından biri, öz publisist yaradıcılığı ilə mətbuat tariximizdə ayrıca yeri olan Əhməd bəy Ağaoğlu yaradıcılığına həsr olundu. Bu dərs də Azərbaycan Respublikasının Prezidentinin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamından qaynaqlandı. "Əhməd bəy Ağaoğlu dərsi”ni tarix elmləri doktoru, professor Nəsiman Yaqublu apardı. Dərsdə tələbələrlə birlikdə BDU Elmi-Metodik Şurasının sədri, Geologiya fakültəsi "Faydalı qazıntılar” kafedrasının müdiri, akademik Vasif Babazadə, Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri, riyaziyyat elmləri namizədi, dosent Vaqif Qasımov, BDU "Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müdiri, metodşura üzvü, dosent Knyaz Aslan və Jurnalistika fakültəsinin bir qrup müəllimi iştirak etdi. Yüksək səviyyədə keçən belə bir dərs Ə.Ağaoğlunun mühiti və müasirləri ətrafında maraqlı bilgilərlə yadda qaldı. Akademik Vasif Babazadə Prezident Sərəncamından doğan belə bir tədbirin davamlı olmasını arzuladı. Tələbələr özlərinin maraqlı sualları ilə dərsə xüsusi rövnəq verdilər. Növbəti belə bir dərs görkəmli publisist Üzeyir Hacıbəyli yaradıcılığına həsr ediləcək. Xüsusi qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin klassik milli maarifçilərimizin, publisistlərimizin yubileylərinin keçirilməsi barədə Sərəncamları ilə bağlı olaraq fakültədə həmin ictimai xadimlərin yaradıcılığı ətrafında "Dəyirmi masa” formatında geniş müzakirələr aparılır. Belə müzakirələrdə həmin tarixi şəxslərin yaradıcılığını, həyat və fəaliyyətini araşdırmış, araşdırmaqda olan alimlərimiz, tanınmış jurnalistlər də iştirak edirlər. Bu format fakültədə müntəzəmlik xarakteri almışdır.

Günel Mehdizadə,
BDU Jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi kafedrasının II kurs magistrantı