"Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradı" - Əli Həsənov

"İndi də restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar"



Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədəniyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər:

"Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar.

Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub.

Yalan, böhtan üzərində qurulan siyasət gec-tez ifşa olunur, bu üsulla populyarlıq qazanmaq istəyənlər ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər. Bu, aksiomadır".