ABŞ və İran gərginliyinin NƏTİCƏSİ… - ŞƏRH





"ABŞ və İran arasındakı gərginliyin hələ uzun müddət davam edəcəyi gözlənilir”

Bunu "Sherg.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Ekspert bildirib ki, İrana qarşı təzyiqlərin göstərilməsi və sanksiyaların tətbiq olunması artıq ABŞ-ın dövlət siyasətinə çevrilib:

"Bundan əvvəl də ABŞ-İran münasibətləri son həddə qədər gərginləşmişdi. O dövrdə ABŞ-ın İrana qarşı hərbi müdaxilə planlarının gündəmdə olduğu iddia edilsə də, sonradan Ağ Ev iqtisadi sanksiyaların tətbiq edilməsi ilə kifayətləndi. İran neftinin dünya bazarına çıxarılmasına qarşı məhdudiyyətlər qoyuldu. Ancaq Donald Tramp prezident seçildikdən sonra həmin sanksiyaların önəmli hissəsi, eləcə də neft satışına qoyulan məhdudiyyətlər yumşadıldı. ABŞ-İran münasibətləri nisbətən normallaşma mərhələsinə qədəm qoydu”.

Analitik son dövrlərdə ABŞ-İran qarşıdurmasının yenidən ənənəvi keyfiyyətinə qaytarıldığını söyləyib:

"İki ölkə arasındakı münasibətlər gərginləşməkdə davam edir. Bir müddət öncə İrandan Yaponiyaya neft daşıyan tankerə hücum edildi. Ağ Ev bu hücumun İran tərəfindən edildiyini bəyan etdi. Bu iddianın məntiqsiz olduğunu anlayan Yaponiya isə Ağ Evdən İranın həmin tankerə hücum etməsinin tutarlı səbəbinin izah olunmasını tələb etdi. Ancaq normal bir cavab ala bilmədi. Daha sonra İran ABŞ-ın pilotsuz təyyarəsini vurdu. Amerika İranın bu addımını qəzəblə qarşıladı. Halbuki, Ağ Ev İranın bu addımına qəzəblənməkdən öncə ABŞ-ın pilotsuz təyyarəsinin İran sərhədlərində nə axtardığını da izah etməliydi”.

Siyasi şərhçi vurğulayıb ki, bütün bunları nəzərə aldıqda, ehtimal etmək olar ki, ABŞ-ın İranın dini liderinə və ya 8 iranlı generala qarşı sanksiya tətbiq etməsi real ehtiyaclardan qaynaqlanmır:

"Bu addımlar sadəcə, Ağ Evin İrana qarşı təzyiqlərini mümkün qədər gücləndirmək niyyətinə bağlıdır. Vaşinqton bu niyyətlərini reallaşdırmaq üçün istənilən bəhanədən yararlanmağa can atır. Bu baxımdan, haqqında danışılan sanksiyalar ABŞ-ın "suyu bulandırmaq” cəhdlərindən başqa bir şey deyil. Yəni ABŞ-ın İranla bağlı müəyyən planları, hədəfləri var. Amerika həmin hədəflərinə çatana qədər İrana təzyiqlərin yeni-yeni metodlarını tapmağa çalışacaq. Son nəticədə öz istəyinə nail olub-olmayacağını isə prosesin inkişaf istiqamətləri aydınlaşdıqca, məlum olmağa başlayacaq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyaları ehtiva edən fərman imzalayıb. Dövlət başçısı bu dəfə sanksiyaların hədəfində İranın ali dini lideri Ayətullah Xamneyinin olduğunu ifadə edib. Tramp verdiyi açıqlamada "Sanksiyalar, ABŞ təyyarəsinin İran tərəfindən salınmasına bir cavabdır” deyə bildirib. İran prezidenti Həsən Ruhani isə ali liderə qarşı sanksiya tətbiq edilməsini axmaq və məntiqsiz addım adlandırıb.

İsmayıl