"Ön sırada əyləşirdi"

Ərdoğandan müəllimi danışdı

"Ağıllı idi, sakitcə dərsi dinləyirdi, sual verəndə cavablandırırdı"

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllimi olmuş Müzəkka Gürbüz şagirdi haqqında xoş sözlər deyib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, İHA Türkiyədə qeyd olunan Müəllim Günündə cümhurbaşqanının 92 yaşlı müəllimi ilə görüşüb və ondan şagird Rəcəb Ərdoğan haqqında danışmasını xahiş edib. Müzəkka Gürbüz hazırda Qocaelinin Qartəpə məhəlləsində yaşayır. M.Gürbüz 1930-cu ildə Bolqarıstanın Ruscuk şəhərində dünyaya gəlib. O zamanlar Bolqarıstanda Osmanlı ənənələri hələ də geniş şəkildə mövcud olduğu üçün M.Gürbüz orta təhsilini Osmanlı dilində alıb.

Orta məktəbi bitirdikdən sonra Türkiyəyə gələrək 1950-ci illərdə İstanbul İmam Xətib Liseyində təhsil alıb və liseyin ilk məzunlarından olub. Ali təhsilini yüksək İslam İnstitutunda davam etdirib. 

Məzun olduqdan sonra İstanbul İmam Xətib Liseyində müəllimlik fəaliyyətinə başlayıb. Bir çox istedadlı tələbə yetişdirib. Müəllimin tələbələrindən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. 

Cümhurbaşqanının məktəb illərini xatırlayan M.Gürbüz Rəcəb Tayyib Ərdoğanı tərifləyib: “Çox tərbiyəli, sakit, sözəbaxan, intizamlı şagird idi. 

Başqa uşaqlar kimi yaramazlıq etməzdi. Ön sırada əyləşirdi, dərsi dinləyirdi, sual veriləndə cavablandırırdı. Çox yaxşı uşaq idi. Şagirdlər arasında hər cür uşaq olur. 

Yerində otura bilməyənlər, “qaynayanlar”. O isə ağıllı idi, sakitcə dərsi dinləyərdi. Bu gün başımız üstündə olduğu üçün duaçıyıq. Allah qorusun! O, məmləkətimiz üçün bir qürurdur. Hər ölkəyə nəsib olmaz beləsi. 

Ölkəmizi Allah düşmənlərin şərindən qorusun. Allah millətimizin, ölkəmizin, cümhurbaşqanımızın köməyi olsun! O, bu vəzifəyə layiqdir”.