Qərbi azərbaycanlıların doğma torpaqlara qayıdışı onların legitim hüququdur

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 

Soydaşlarımızın bugünədək məruz qaldığı maddi-mənəvi ziyana görə Ermənistan tərəfi cavabdehlik daşıyır və onlara təzminat ödəməlidir

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin birgə təşkil etdiyi "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov qonaqları və tədbir iştirakçılarını salamlayaraq, milli mənsubiyyət hüququ ilə bağlı fikirlərini bildirib.
Ombudsman Səbinə Əliyeva çıxışında milli mənsubiyyət hüququ kimi məsələlərin müasir dövrdə olduqca vacib əhəmiyyət daşıdığını qeyd edib, onun beynəlxalq hüquq normalarında öz əksini tapdığını diqqətə çatdırıb. Səbinə Əliyeva illər ərzində deportasiyaya məruz qalmış və hüquqları pozulmuş Qərbi azərbaycanlıların haqlarından da söhbət açıb.
O bildirib ki, ölkəmizdə 20-dən çox millətin və etnik qrupun nümayəndələri yaşayır. Azərbaycan Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası üçün davamlı səy göstərir.

Onun sözlərinə görə, beynəlxalq sənədlərdə, milli qanunvericilikdə milli mənsubiyyətə görə ayrı-seçkilik qadağan olunsa da, dünyada insanların milli və etnik mənsubiyyətinə görə təqib olunması, ayrı-seçkiliyə, soyqırımı kimi dəhşətli cinayətlərə məruz qalması hallarına rast gəlinir: "Azərbaycan bu siyasətin nəticələrindən ən çox zərər çəkmiş ölkələrdən biridir. XX əsrin əvvəllərində soyqırımına məruz qalmış xalqımız, həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünü göstərən nifrət siyasətinin qurbanına çevrilib".
S.Əliyeva bildirib ki, Ermənistanda yaşamış 250 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrinin dağıdılması, özgəninkiləşdirilməsi məhz milli mənsubiyyətinin inkar olunmasının, Azərbaycanofobiya və etnik nifrət siyasətinin göstəricisi idi: "XX əsrdə dəfələrlə deportasiyaya məruz qalmış, eləcə də 1987-ci ildən başlayaraq Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və bu məsələnin beynəlxalq gündəmdə yer alması üçün hazırda Azərbaycan dövləti davamlı səylər göstərir".
Ombudsman xatırladıb ki, bu il Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür: "Bu qanlı hadisə insanların milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyi ən ağır faciələrdən biridir. Hər il tərəfimizdən bu mövzuda bəyanat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilir, bu soyqırımına hüquqi qiymət verilməsinə, təqsirkarların məsuliyyətə cəlb edilməsinə dair çağırış edilir".
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova "Qərbi azərbaycanlıların zorla yurdlarından çıxarılması və Ermənistan dövlətinin strateji məqsədləri" mövzusuna diqqət çəkib: "İrəvandan köçürülən 40 min əhalinin köçürülməsində məqsəd müharibədə məğlub olmuş İranın öz xəzinəsi hesabına erməniləri yerləşdirmək və gələcəkdə oranı paytaxt etmək idi. Bu," Ermənilərin mədəni terror" kitabında qeyd edilib. Bu faktlar sübut edir ki, bu yerlər türk torpaqları olub. 200 ildir ki, bu problemlə üz-üzəyik, bu, vəhşilikdir. 119 kəndin adı dəyişib, yandırılıb, əhali məhv edilib. Bu, bütöv Qərbi Azərbaycanda baş verən saxtakar siyasət idi. Qərbi Azərbaycandakı toponimlər, etnik azərbaycanlılar böyük bir məkrli siyasətin qurbanı oldular. Ermənistan sülh və ədalət üçün manə olur. Biz o torpaqların əzəli, əbədi sakinləriyik və ora bir gün mütləq qayıdacağıq".

Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov isə "Şərq"ə bildirib ki, Qərbi Azərbaycandan, yəni indi "Ermənistan" adlanan tarixi Azərbaycan torpaqlarından zorla qovulmuş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüquqları var. Ekspert deyib ki, bu məsələ beynəlxalq qanunvericilikdə də əksini tapıb: 

“1987-1991-ci illər ərzində Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı ata-baba yurdundan kütləvi şəkildə deportasiya edilib, mülkiyyət hüquqları pozulub, əmlakları əllərindən alınıb, fiziki zorakılığa məruz qalıblar. Necə deyərlər, "Gəmidə oturub gəmiçi ilə dava edən" ermənilər, öz çirkin və məkrli məqsədlərini həyata keçirmək üçün azərbaycanlılara qarşı insanlıq əleyhinə müharibə cinayətləri törədiblər. Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı tamamilə çıxarandan sonra azərbaycanlılara aid bütün izləri itirmək məqsədilə qəbiristanlıqları, tarixi mədəni abidələri, ibadət evlərini məktəb, xəstəxana və digər binaları darmadağın ediblər. Bütün bunlar onu göstərir ki, azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarına, öz ata-baba
yurdlarına geri dönərək sülh və təhlükəsiz şəraitdə yaşamaq hüquqları var və bu, beynəlxalq hüquq normaları ilə müəyyən edilir. Qərbi azərbaycanlıların yenidən öz ata-baba yurdlarında məskunlaşması beynəlxalq hüququn prinsiplərinə və insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaların tələblərinə əsasən, Ermənistan hakimiyyətinin öhdəliyi olaraq şərtsiz şəkildə icra edilməlidir.
Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi deməkdir. Prezident İlham Əliyevin də  dəfələrlə vurğuladığı kimi, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu, bizim legitim hüququmuzdur”.

Hüquq müdafiəçisinin sözlərinə görə, soydaşlarımızın bugünədək məruz qaldığı maddi-mənəvi ziyana görə Ermənistan tərəfi cavabdehlik daşıdığı üçün təzminat da ödəməlidir. Beynəlxalq məhkəmələrdə bu məsələ də qaldırılmalıdır: 

“Bu məsələnin beynəlxalq ictimaiyyətdə işıqlandırılması, Azərbaycan həqiqətlərinin daha geniş miqyasda dünyaya çatdırılması olduqca mühümdür. Bu istiqamətdə görülən işləri ölkə miqyasından kənara çıxarmaq, beynəlxalq platformalara daşımaq lazımdır. Bununla daha böyük və nüfuzlu təşkilatların diqqətini məsələyə cəlb edə bilərik. Qərbi Azərbaycandan qovulmuş insanların fundamental hüquqlarını müdafiə etməli, haqqımızı tələb etməliyik".