Kallasın Bakı səfərinin PƏRDƏARXASI: Avropa İttifaqı müttəfiqlər axtarışındadır?

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfər proqramı məlum olub. 
Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən APA-ya verilən məlumata görə 25 aprel tarixində Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Bakı şəhərində olacaq.
 Bildirilib ki, Ali Nümayəndəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edəcək. Eyni zamanda, Kallas Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə də görüş keçirəcək. Görüşdən sonra mətbuat üçün açıqlamalar veriləcək. Günün ikinci yarısında isə Kaya Kallasın Gənc Avropa Səfirləri ilə görüşü nəzərdə tutulub.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a söyləyib ki, baş tutacaq görüşlərin iki əsas gündəmi mövcuddur: 

“Birincisi Ermənistan və Azərbaycan arasında mümkün olan sülh gündəliyidir. Digər tərəfdən isə enerji məsələsi də müzakirə olunacaq mövzular sırasındadır. Rusiya ilə müharibə kontekstində Avropa İttifaqı müttəfiqlər axtarışındadır. Amma onun arxasındakı enerji bazarının vəziyyəti heç də yaxşı deyil. Enerji sahəsinə görə Azərbaycana ehtiyacları var. Azərbaycanın silah imkanları dünyada davam edən güc mərkəzləri kontekstində Avropa Birliyinə ciddi dəstək ola bilər. Azərbaycan və Avropa İttifaqı arasında yeni əməkdaşlıq müqavilələri gözlənilir. İki tərəf arasında əlaqələrin assosiativ sazişə qədər getmə ehtimalı böyükdür. Lakin bunun üçün prosesləri qabaqlamaq çətindir. Çünki Ermənistan və Azərbaycan münasibətlərində Avropa İttifaqı rəsmi İrəvanın mövqeyini qoruyur”.