Nəriman Axundzadənin atası: "Bəzən ona göndərməyə pulum olmayıb"

"Söz deyəndə insan ilk növbədə özünü düşünməlidir. Filan sözü mənə, yaxud övladıma desələr, xoşuma gələrmi? Özünə rəva bilmədiyin sözü başqasına heç vaxt demə".

Sherg.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının əsas mərhələsində "Ayaks"a məğlubiyyətdən (2:4) sonra "Qarabağ"ın ən çox tənqid olunan futbolçularından biri olan Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.

O, oğlunun ünvanına tez-tez səsləndirilən "adamı var" iddialarına da aydınlıq gətirib:

"And olsun Allaha, o uşaq ilk günlər "Qarabağ"da nə qədər əziyyət çəkib. Bəzən mənim ona göndərməyə pulum belə olmayıb. Nəriman 12 yaşından Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib "Qarabağ"ın uşaqlarının arasına düşdü. İmkanım olmadı ki, Bakıda ev tutum, anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın.

"Qarabağ"ın akademiyasında Elnur müəllim ona çox dəstək olub. Amma valideyn qayğısını kim əvəz edə bilər?

Dayıları, əmiləri Lənkəranda yaşayırlar. Hamısı sadə, kasıb insanlardır. Yerli camaat da onları yaxından tanıyır. Nərimanı tapşırmağa kimsə olmayıb.

Onun "adamı" kimdir? Onun adamı Allahdır. Allahın istəyi ilə gəlib "Qarabağ"a çıxıb. Bu gün də "Qarabağ"da heç kimlə münasibətim yoxdur. Baş məşqçi Qurban Qurbanovla bu yaxınlarda cəmi iki dəqiqə söhbət etmək imkanım olub. Qurban müəllim dedi ki, yazılanlar Nərimana təsir etməməlidir. Vəssalam".

Əhməd Axundov sağlam tənqidə etiraz etmədiyini, lakin Nərimanın ünvanına kütləvi hücumları və təhqirləri anlaya bilmədiyini də vurğulayıb:

"Tənqidə sözüm yoxdur. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Eyni millətin nümayəndələri ola-ola niyə bir-birimizə bu cür münasibət göstəririk? Mahir Emreli də eyni yolu keçib. Vaxtilə ona qarşı da belə münasibət var idi.

Açığı, Nərimanın da xaricə getməsini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə, o da olsun.

Əlbəttə, baş verənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun".