Yamal Mbappenin rekorduna yaxınlaşdı – “Barselona”nın ulduzundan yeni nailiyyət

İspaniya klublarından “Barselona”nın gənc ulduzu Lamin Yamal La Liqanın XV turunda “Alaves”lə qarşılaşmada dubl edib.

Teleqraf xəbər verir ki, 19 yaşlı vingerin iki qolu Kataloniya təmsilçisinin 6:1 hesablı qələbəsinə töhfə verib.

Beləliklə, Yamalın La Liqada vurduğu qolların sayı 40-a çatıb. O, bununla da son 30 ildə 20 yaşına çatmamış futbolçular arasında Avropanın 5 aparıcı liqasında ən çox qol vuran oyunçuların siyahısında ikinci pilləyə yüksəlib. İspaniyalı futbolçu bu göstəricidə Maykl Ouenlə eyni nəticəyə malikdir.

Rekord isə Kilian Mbappeyə məxsusdur. Fransa millisinin hücumçusu 20 yaşına qədər 41 qol vurub. Gələn ilin iyulunda 20 yaşı tamam olacaq Yamalın bu göstəricini yeniləmək üçün kifayət qədər vaxtı var.

Gənc futbolçu cari mövsüm La Liqada 11 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib. O, bombardirlər yarışında komanda yoldaşı Rafinyadan (15 qol) və “Real Madrid”in hücumçusu Kilian Mbappedən (11 qol) geri qalır.

Yamalın bu mövsüm bütün turnirlərdəki göstəricisi isə 14 matçda 12 qol və 11 məhsuldar ötürmədir.