Fermerin öz məhsulunu hazır məhsula çevirməsi də stimullaşdırılmalıdır -Ekspertdön ÇAĞIRIŞ

Gələn ilin büdcə-vergi siyasəti çərçivəsində Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif olunur. 2027-ci il yanvarın 1-dən aqrar sektorda uzun illər tətbiq edilən 100 faizlik vergi güzəştinin 90 faizlik güzəşt mexanizmi ilə əvəzlənməsi nəzərdə tutulur. Yeni mexanizmə əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının əldə etdikləri gəlir və ya mənfəətin 90 faizi vergidən azad ediləcək, qalan 10 faizlik hissə isə ümumi qaydada vergiyə cəlb olunacaq. Dəyişikliklərin beş il müddətinə – 2031-ci ilin sonunadək tətbiqi təklif edilir.

Sherg.az xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Cəfər ibrahimli hesab edir ki, vergi güzəştləri yalnız ilkin emalla məhdudlaşmamalı, xüsusilə böyük fermer təsərrüfatlarının öz məhsullarını hazır məhsula çevirərək əlavə dəyər yaratmasını və emal sənayesinin inkişafını stimullaşdırmalıdır:

" Uzun illərdir kənd təsərrüfatı və buna bağlı olaraq emal sənayesinin inkişafı üçün öz məhsulunu birbaşa emal edən və hazır məhsula çevirərək topdan və pərakəndə formada satışını reallaşdıran fermerlərə güzəştin verilməsi müzakirə mövzusu olaraq qalır. Gətirilən yeni yanaşma anlaşılan və parametrləri dəqiq deyil. 2027-ci ildən etibarən Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, öz istehsal etdiyi məhsulu çeşidləyən, qablaşdıran, soyudan, donduran, kəsən və ya qurudan fermerlərə 90 faiz həcmində vergi güzəştinin tətbiqi nəzərdə tutulur. Nəticədə, bu fəaliyyətdən əldə edilən gəlirlərə tətbiq olunan 20 faizlik gəlir və ya mənfəət vergisinin effektiv dərəcəsi 2 faizə enəcək. Başqa istehsalçıdan alınmış məhsulun emalından əldə edilən gəlir bu güzəştə daxil deyil. O zaman ortaya belə bir sual çıxır. Məgər bu günə qədər almasını, xurmasını, albalısını çeşidləndirən, qablaşdıran, bir müddət soyuducuda saxlayan və ya südünü soyuducu çəndə soyudan, nəmliliyi yüksək olan sobalarda qurudulan qarğıdalı məhsullardan vergi alınırdı? Təbii ki, yox…".

İqtisadçının sözlərinə görə, südün sterilizasiya edilərək 1-2 litirlik formada qablaşdırılaraq satılması, ilkin emal hesab olunur və vergi güzəşti verilir:

" Sterilizasiya prosesi malın raf müddətinin uzadılması məqsədi ilə edilir. Burada sadəcə kəsilən və qurudulan meyvə-tərəvəzlərin azad olmasından söhbət gedə bilər, o da çox məhdud həcmdədir. Onilliklərdir verilən dövlət dəstəyi ilə yaradılan kənd təsərrüfatı məhsullarının emalını dəstəkləmək məqsədi ilə emal sənayesinə güzəşt tətbiq oluna bilər. Xüsusilə kifayət qədər dəyər yaradan böyük fermer təsərrüfatlarının əlavə dəyər zənciri yaradaraq öz məhsulunu hazır məhsula çevirərək realizə etməsinə. Südçülük təsərrüfatlarının öz emalını vergi güzəştləri ilə dəstəkləmək buna nümunə ola bilər".