Ən yaşlı qadın nasist lideri çıxıb

Danimarkanın ən yaşlı qadını kimi tanınan 112 yaşlı Kirsten Şvalbenin İkinci Dünya müharibəsi illərində ölkədəki nasist partiyasının yerli rəhbərlərindən biri olduğu məlum olub.

Sherg.az xəbər verir ki, Şvalbe 1941-ci ilin avqustunda Danimarka Nasional Sosialist Fəhlə Partiyasına üzv olub. Arxiv sənədləri onun 1943-cü ilin avqustundan 1944-cü ilin iyulunadək Holstebro şəhərində partiyanın yerli qrupuna rəhbərlik etdiyini göstərir.

112 yaşlı qadın müsahibəsində siyasətlə heç vaxt maraqlanmadığını, partiyaya isə həyat yoldaşının məsləhəti ilə qoşulduğunu bildirib. O, həmin dövrdə qadınların siyasətlə məşğul olmadığını və bu məsələləri kişilərə həvalə etdiklərini deyib.

Tarixçi Klaus Bundqard Kristensen isə Şvalbenin və həyat yoldaşının yerli səviyyədə tanınmış nasistlərdən olduqlarını bildirib.

Məlumatların üzə çıxmasından sonra Şvalbenin həyatından bəhs edən “Gülmək üçün bir şeyə ehtiyacımız var” adlı kitabın nəşri dayandırılıb. Onun haqqında hazırlanan sənədli film layihəsi də ləğv edilib. Nəşriyyat yeni faktların kitabın əsas ideyasını kökündən dəyişdirdiyini açıqlayıb.