- Tədqiqat 13 ölkəni - Türkiyə, Bolqarıstan, Əlcəzair, Estoniya, İndoneziya, Fransa, Cənubi Koreya, İsrail, İtaliya, Latviya, Malta, Polşa və Tayvanı əhatə edib
13 ölkədə 16 min 749 uşağın iştirakı ilə aparılan beynəlxalq araşdırma İstanbulda yaşayan uşaqların dünya üzrə orta göstərici ilə müqayisədə daha çox stress keçirdiyini və özlərini daha az xoşbəxt hiss etdiyini üzə çıxarıb.
Sherg.az xəbər verir ki, "Habertürk"ün məlumatına görə, “Uşaqların dünyaları” adlı tədqiqatda İstanbulda yaşayan 10-12 yaşlı 2 min 116 uşağın stress səviyyəsi 10 ballıq şkala üzrə 6 bal, ümumi araşdırma üzrə isə 4,6 bal təşkil edib.
Araşdırma 13 ölkəni - Türkiyə, Bolqarıstan, Əlcəzair, Estoniya, İndoneziya, Fransa, Cənubi Koreya, İsrail, İtaliya, Latviya, Malta, Polşa və Tayvanı əhatə edib. Türkiyədə tədqiqat 2025-ci ilin aprel-may aylarında İstanbulun ibtidai və orta məktəblərində aparılıb.
Nəticələrə əsasən, İstanbulda uşaqların ümumi həyat məmnunluğu 10 baldan 7,83, araşdırmanın ümumi göstəricisi isə 8,48 olub. Son iki həftədə yaşadıqları stressin səviyyəsi ilə yanaşı, kədər göstəricisi də İstanbulda daha yüksək qeydə alınıb: müvafiq olaraq 6 və 5 bal. Ümumi araşdırmada bu göstəricilər 4,6 və 3,9 bal təşkil edib.
Tədqiqat qız uşaqlarının oğlanlarla müqayisədə daha çox mənfi emosiyalar yaşadığını da ortaya qoyub.
Araşdırmada uşaqların hüquqları barədə məlumatlılığı da qiymətləndirilib. İstanbulda iştirakçıların 82 faizi hüquqlarını bildiyini deyib. Bu göstərici ümumi araşdırma üzrə 62 faiz olub. BMT-nin Uşaq Hüquqları Konvensiyası barədə məlumatlılıq isə İstanbulda 48, ümumi nəticələrdə 32 faiz təşkil edib.
İstanbulda uşaqların 29 faizi bələdiyyələrin uşaq məclislərində iştirak etdiyini bildirib. İqlim və ətraf mühitlə bağlı aksiyalarda iştirak edənlərin payı isə 39 faiz olub.
Araşdırma, həmçinin ailədə, məktəbdə və yaşadıqları mühitdə qərarların qəbulunda iştirak edən uşaqların ümumi həyat məmnunluğunun daha yüksək olduğunu göstərib.
Tədqiqatın nəticələri noyabrın 20-də – Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə İstanbul Bilgi Universitetində keçirilən paneldə təqdim olunub.