Psixoloq uşaqların təhlükə zamanı niyə susduğunu açıqlayıb

Bulinq, təhdid və ya zorakılıqla üzləşən uşaqlar bəzən baş verənləri valideynlərindən gizlədir və susmağa üstünlük verirlər.

Sherg.az xəbər verir ki, uşaq psixoloqu və neyropsixoloq Yekaterina İliçevanın sözlərinə görə, bu davranış inadkarlıq deyil, psixikanın qoruyucu reaksiyasıdır.

Mütəxəssis bildirib ki, evdə uşağın daim tənqid, soyuqluq və ya hisslərinin kiçildilməsi ilə qarşılaşması onda “danışsam, vəziyyət daha da pisləşəcək” düşüncəsi yaradır. Bundan əlavə, stress və sinir sisteminin həddindən artıq yüklənməsi uşağın hadisəni sözlə ifadə etməsini çətinləşdirə və onun “donub qalmasına” səbəb ola bilər.

İliçeva valideynlərə uşağı mühakimə etmədən dinləməyi, onun hisslərini qəbul etməyi və təhlükə zamanı yardım istəməyin vacib olduğunu əvvəlcədən izah etməyi tövsiyə edib. Uşaq danışmaqda çətinlik çəkirsə, fikirlərini yazmaq, çəkmək və ya başqa üsullarla ifadə etməsinə imkan yaratmaq da faydalıdır.

Psixoloq vurğulayıb ki, “Niyə mənə demədin?” kimi ittihamedici ifadələr uşağın daha da qapanmasına səbəb olur. Etimadın bərpası isə bir söhbətlə deyil, davamlı diqqət, təhlükəsizlik və anlayış mühiti ilə mümkündür.