Sevgi münasibətinin bitməsi və ya qarşılıqsız sevgi insanın emosional vəziyyətinə ciddi təsir göstərə bilər. Bu çətin dövrü daha sağlam şəkildə geridə qoymaq üçün mütəxəssislər özünə qayğı göstərməyi, sosial dəstək almağı və hissləri boğmamağı tövsiyə edirlər.
Sherg.az münasibətlər üzrə terapevtlərin ayrılıq acısı ilə mübarizə aparmaq üçün verdiyi altı məsləhəti təqdim edib.
1. Özünüzü diqqətdən kənarda qoymayın
Uğursuz münasibətdən sonra insanın heç nə etmək istəməməsi normaldır. Lakin belə dövrlərdə şəxsi qayğıya laqeyd yanaşmaq vəziyyəti daha da çətinləşdirə bilər. Sağlam qidalanmaq və gündəlik rejimi qorumaq emosional vəziyyətə də müsbət təsir göstərir.
2. Sosial şəbəkələrdən ehtiyatla istifadə edin
Keçmiş partnyorun bütün şəkillərini və paylaşımlarını dərhal silmək məcburiyyətində deyilsiniz. Ancaq onun harada olduğunu, kimlə vaxt keçirdiyini davamlı izləmək emosional yorğunluğu artıra bilər. Buna görə sosial şəbəkələrdə müəyyən məsafə saxlamaq faydalıdır.
3. Gündəlik tutun
Hissləri yazılı şəkildə ifadə etmək emosional rahatlamağa kömək edə bilər. Keçmiş partnyora demək istədiklərinizi və ondan gözlədiklərinizi gündəliyə yazmaq duyğularınızı daha yaxşı anlamağa, onları sağlam şəkildə ifadə etməyə imkan yaradır.
4. Sağaldıcı ritualları sınayın
Ayrılığı geridə qoymaq üçün bəzi simvolik addımlar atmaq faydalı ola bilər. Məsələn, keçmiş partnyora məktub yazıb onu yandırmaq və ya münasibəti xatırladan əşyaları göz önündən yığışdırmaq insanın emosional olaraq yeni mərhələyə keçməsinə kömək edə bilər.
5. Dəstək istəməkdən çəkinməyin
Ayrılıq acısını təkbaşına yaşamaq məcburiyyətində deyilsiniz. Yaxınlarla görüşmək, dostlarla vaxt keçirmək və sosial əlaqələri qorumaq bu dövrdə mühüm dəstək ola bilər. Bu kömək kifayət etmədikdə isə psixoloq və ya terapevtə müraciət etməkdən çəkinməmək lazımdır. Peşəkar dəstək almaq zəiflik deyil, emosional çətinliklərin öhdəsindən gəlmək üçün atılan addımdır.
6. Özünüzə zaman verin
Güclü görünmək naminə ağrınızı və hisslərinizi görməzdən gəlməyin. Sevinc, kədər, qəzəb və məyusluq kimi duyğuların hamısını yaşamaq normaldır. Onları boğmağa və dərhal yox olmasını gözləməyə çalışmayın. Sağalma prosesi zaman tələb edir və bu müddətdə özünüzə qarşı səbirli olmaq vacibdir.