NATO Polşaya düşən raket və PUA ilə bağlı növbədənkənar iclas keçirəcək

NATO Şurası Polşa ərazisinə düşən raketlər və pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə görə noyabrın 23-də növbədənkənar iclas keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazir bildirib ki, NATO-nun mənzil-qərargahında baş tutacaq toplantıda Polşa tərəfi konkret təkliflər təqdim edəcək və yeni fəaliyyət variantları müəyyənləşdiriləcək.

"Bild" qəzetinin məlumatına görə, Varşava insidentdən sonra Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə rəsmi məsləhətləşmələr aparmaq imkanını nəzərdən keçirir, lakin rəsmi Berlin buna qarşı çıxır.

Xatırladaq ki, noyabrın 20-də səhər saatlarında Polşanın şərqindəki Podkarpat və Lüblin voyevodluqlarının ərazisinə iki raket və bir PUA düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.