- 13 milyon manat üçün yüzminlərlə fermeri əlavə vergi yükü altına salırlar
Kənd təsərrüfatı sahəsində fermerlər üçün yeni vergi mexanizmi tətbiq ediləcək. İqtisadçı Natiq Cəfərli bildirib ki, uzun illər qüvvədə olan tam vergi azadolması ləğv edilərək 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə - 2032-ci ilədək 90 faizlik güzəşt mexanizmi ilə əvəzlənəcək.
Yeni qaydaya əsasən, fermerlərin və aqrar istehsalçıların gəlir və mənfəətinin 90 faizi vergidən azad ediləcək, yalnız 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq. Başqa sözlə, fermer 100 manat gəlir əldə edərsə, həmin məbləğin 10 manatı vergiyə cəlb ediləcək.
Sherg.az xəbər verir ki, Natiq Cəfərli bu dəyişikliyin zəruriliyini şübhə altına alaraq bildirib ki, yeni mexanizmin tətbiqi nəticəsində 2027-ci ildə dövlət büdcəsinə cəmi 13 milyon manat əlavə vəsait daxil olacaq. İqtisadçı yüzminlərlə fermerin belə kiçik məbləğ müqabilində əlavə inzibati və maliyyə yükü ilə üzləşdirilməsini tənqid edib:

“Vergi yükü azdır, amma niyə bu güzəştlər ləğv edilməli, belə qəliz mexanizm tətbiq olunmalıdır ki?! 2027-ci ildə bu qayda tətbiq edilərsə, büdcəyə əlavə cəmi 13 milyon manat vəsait daxil olacaq. Cəmi 13 milyon manata görə yüzminlərlə fermeri niyə işə salırlar?
Bu yazıq fermer onsuz da boğulur. İndi də bütün bu qəliz sxemlə yığılacaq qəpik-quruşu hesablamaq, vergini vaxtında ödəmək üçün mühasibmi tutsun, ona maaşmı versin?! Maaşla da olmur axı, gərək əmək müqaviləsi bağlasın, DSMF-yə ödəniş etsin. Niyə kəndlini bu zülmə məruz qoyurlar?!
Onsuz da kəndlərdə adam qalmayıb, hamı qaçır, Abşerona gəlir. Onların işini asanlaşdırmaqdansa, niyə qəlizləşdirirlər? Büdcəyə bu 13 milyon manat nə verəcək? Hər fermerə ildə 40 manat vergi düşür. 40 manat vergi ödəmək üçün ayda maaş verib mühasib tutmalıdır?
Onsuz da kənd təsərrüfatında qərar verənlər ömürlərində camış görməyən, camışa "əjdaha" deyənlərdir. Onların yanaşması kəndlini son illər boğaza yığıb. İndi də İqtisadiyyat Nazirliyi vergi ‘müjdəsi’ ilə qapılarını döyür”.