Paşinyan Konstitusiya üçün ictimai dəstəyi səfərbər etməlidir - TƏHLİL

  • Hətta zərurət yaranarsa, növbədənkənar seçkilər variantından da istifadə etməyə çalışmalıdır

Ermənistanda yeni Konstitusiyanın hazırlanması və ictimaiyyətə təqdim olunması istiqamətində proses sürətlənir. Baş nazir Nikol Paşinyanın layihənin mətni açıqlanmamışdan əvvəl xalqa müraciət edəcəyi bildirilir. Ermənistan Milli Məclisi sədrinin müavini Vaqan Aleksanyanın sözlərinə görə, yeni Konstitusiya layihəsi bir neçə gün ərzində ictimaiyyətə təqdim olunacaq. O, təqdimatın formatı barədə əlavə məlumat veriləcəyini və prosesin şəffaf şəkildə aparılacağını qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın ədliyyə naziri Srbui Qalyan və Nikol Paşinyan yeni Konstitusiya layihəsinin noyabr ayında dərc ediləcəyini açıqlamışdılar. Lakin layihənin ictimaiyyətə təqdim olunacağı dəqiq tarix hələ müəyyənləşdirilməyib.

Belə bir şəraitdə Paşinyanın Konstitusiya dəyişikliyi ilə bağlı xalqa müraciət etməsi xüsusi diqqət doğurur. Bu addım həm hakimiyyətin yeni Konstitusiya təşəbbüsünə ictimai dəstək qazanmaq cəhdi, həm də ölkədə qarşıdakı siyasi proseslər baxımından əhəmiyyətlidir.

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a açıqlamasında bildirib ki, Paşinyanın Konstitusiya təşəbbüsü Azərbaycanla sülh prosesinin taleyinə təsir edə bilər:

“Paşinyanın yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunmasından əvvəl xalqa müraciət etmək niyyəti, ilk növbədə, cəmiyyətdə mümkün narazılıqların qarşısını almaq və hakimiyyətin təşəbbüsünə siyasi legitimlik qazandırmaq məqsədi daşıyır. Lakin bu addımın arxasında daha geniş siyasi strategiyanın dayandığını düşünmək üçün kifayət qədər əsas var. Paşinyan yaxşı anlayır ki, Konstitusiya məsələsi Ermənistanda sadəcə hüquqi islahat deyil, həm də Qarabağ məsələsinin siyasi mirası və ölkənin gələcək xarici siyasət istiqamətləri ilə bağlı həssas mövzudur.

Baş nazirin müraciət vasitəsilə cəmiyyətə çatdırmaq istədiyi əsas mesaj, böyük ehtimalla, yeni Konstitusiyanın Ermənistanın dövlətçilik maraqlarına, təhlükəsizliyinə və regional sabitliyə xidmət etməsi olacaq. Eyni zamanda, Paşinyan bu təşəbbüsü Azərbaycanla münasibətlərin normallaşdırılması və davamlı sülhün əldə olunması perspektivi ilə əlaqələndirməyə çalışacaq. Təsadüfi deyil ki, rəsmi İrəvan yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılması məsələsini gündəmə gətirib. Bizim üçün isə həmin istinad Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hüquqi-siyasi əsasını təşkil edir.

Odur ki, Konstitusiya dəyişikliyi Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsi üçün əsas siyasi maneənin aradan qaldırılmasına imkan yarada bilər. Ermənistanın bu istiqamətdə nəhayət, siyasi bəyanatlardan praktiki addımlara keçməsi lazımdır. Bu baş verərsə, sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün maneə qalmayacaq”.

Müsahibimizin sözlərinə görə, Paşinyanın Konstitusiya dəyişikliyini həyata keçirmək üçün müxalifətin dəstəyinə ehtiyacı var:

“Daxili siyasi müqavimət məsələsinə gəldikdə isə, bəli, bu, Paşinyanın qarşısında duran ən ciddi problemlərdən biridir. 7 iyun 2026-cı il parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” partiyası Konstitusiyaya dəyişiklikləri referenduma çıxarmaq üçün zəruri olan üçdəiki səs çoxluğunu əldə edə bilməyib. Parlamentdə referendumun təşkili üçün tələb olunan 70 səsə çatmaq məqsədilə hakimiyyətə müxalifətin dəstəyi lazımdır. Bunun üçün isə hakimiyyət bütün mümkün vasitələrdən istifadə etməlidir. Başqa sözlə, Ermənistan hakimiyyətinin əlində zəruri üçdəiki səs çoxluğunun olmaması bizim deyil, Paşinyanın problemidir və bu problemi aradan qaldırmalı olan da odur.

Düşünürəm ki, Paşinyan həqiqətən də Konstitusiya dəyişikliyində maraqlıdırsa, ictimai dəstəyi səfərbər etməli, müxalifəti sülh prosesinə inandırmalı və hətta zərurət yaranarsa, növbədənkənar seçkilər variantından da istifadə etməyə çalışmalıdır. Odur ki, qarşıdakı proses həm Paşinyan hakimiyyətinin siyasi dayanıqlılığı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh perspektivləri baxımından mühüm sınaq olacaq”.